Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Ağ Evin rəsmi səhifəsi ABŞ Prezidenti Donald Trampın bir pinqvinlə əl-ələ tutaraq yeriməsini əks etdirən şəkil paylaşıb. Şəklin başlığı isə belədir: “Pinqvini qucaqla”. Görüntüdə Qrenlandiyanın bayrağının yer alması isə xüsusi diqqət çəkib.
“Nyu York Tayms” ABŞ Prezidenti Donald Trampın Danimarkanın Baş naziri Mette Frederiksenlə Qrenlandiya mövzusunda 45 dəqiqəlik gərgin telefon danışığı apardığını yazıb. Nəşrin məlumatına görə, iki lider arasında bu müzakirə ötən ilin yanvar ayında baş tutub. Frederiksen isə qəzetə verdiyi açıqlamada Tramp ilə söhbətinin təfərrüatlarını açıqlamaqdan imtina edib.
Qrenlandiya böhranı necə yekunlaşacaq? Tramp əraziyə ABŞ-ın nəzarətini təmin edə biləcəkmi?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Qrenlandiya məsələsi ABŞ üçün xarici siyasətdə prioritet istiqamətlərdən biridir:
“Bu məsələnin Vaşinqtonun istəklərinə uyğun şəkildə nəticələnməsi artıq böyük ölçüdə həll olunmuş kimi görünür. Davosda NATO-nun baş katibi ilə ABŞ prezidenti arasında keçirilən görüşdə də bu məsələnin həlli ilə bağlı anlaşmanın olduğu məlumdur. Qrenlandiya Vaşinqton üçün strateji əhəmiyyət daşıyır və “Qızıl qüvvə” layihəsinin həyata keçirilməsi üçün adanın ABŞ-ın nəzarətində olması artıq şərt kimi qəbul edilir.
Qeyd edim ki, Qrenlandiya faktiki olaraq 1952-ci ildən ABŞ-ın hərbi bazasına ev sahibliyi edir. Danimarkanın adaya nəzarəti isə daha çox simvolik xarakter daşıyır. Qrenlandiyanın gələcək geosiyasi rəqabətdə özünü müstəqil şəkildə müdafiə etməsi real görünmür. Avropa İttifaqı və NATO bu ərazini alyansın müdafiə zonası kimi təsəvvür edir.
Oqtay Qasımov
Əslində, ABŞ-ın istəklərinin qəbul edilməsi müəyyən mənada sadəcə ad dəyişikliyidir. Hesab edirəm ki, ABŞ bu məsələni öz xeyrinə həll edəcək. Avropa ölkələri isə Trampın tələblərini qəbul etməyə məcbur qalacaq. Onlar üçün ən optimal variant Vaşinqtonun Avropaya təhlükəsizlik təminatını davam etdirməsi şərti ilə Arktikada ABŞ-ın yanında yer almaq və bu ərazilərin imkanlarından birgə istifadə etməkdir.
Onsuz da ABŞ-ın adada hərbi varlığı mövcuddur. Rusiyanın regionda təxminən 10 hərbi bazasının olduğu bir şəraitdə Vaşinqtonun Qrenlandiyada hərbi mövcudluğunu gücləndirmək istəyi tamamilə başadüşüləndir”.
Turan Rzayev
Globalinfo.az