Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
8 Noyabr günü!
Şeytanın qıçını sındırıb
Məmləkətimə xoş gəlib
şəfa gətirdin.
İllərdi səni gözləməkdən
gözümüzün kökü saraldı,
bağrımızın başı göynədi.
Köçən köçdü, ölən öldü
Qalan qaldı, olan oldu.
30 il bilmədik yediyimiz nədir?!
30 il bilmədik içdiyimiz nədir?!
8 Noyabr günü!
Sən, uzun yolları
keçib gəlibsən,
Sən, bağlı qapıları
açıb gəlibsən.
Sən, 44 günlük
müharibənin zəfərini
geyinib gəlibsən.
Qarşını kəsə bilməyib
qar, çovğun, boran.
Elə bil yenidən doğulubsan
şəhidlərin əbədiyyətə
yazılan adları ilə.
8 Noyabr günü!
Sən şəhidlərin qanı ilə
yoğrulsan da
onların ruhunu şad elədin.
Yurdumuzu
cənnət-məkan elədin.
Müqəddəs bir günümüz oldun.
Dünyada
səsimiz, ünümüz oldun.
Şəhid analarının
ürəyi toxtadı.
Şəhid bacılarının
çiçəyi çırtladı.
Şəhid övladlarının
yuxusuna bal qatdın.
Adını bayraq edib
başımızın üstündə asdıq.
Və yeni bir tarix yazdıq.
8 Noyabr günü!
Sənin qədəmlərinlə
dünyada bir boy ucaldıq.
Daha başımız dik,
alnımız açıqdır.
Sən birlik rəmzi,
bütövlük carçısısan!
Arzumuz böyük,
yolumuz uzun,
Görəcək günlərimiz isə
qabaqdadır.
İndi obalara səs salmaq
ocaq qalamaq,
tonqal çatmaq vaxtıdır!