Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
44 günlük haqq savaşımızda Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən torpaqlarının azadlığı uğrunda mübarizədə 8 noyabrda düşməni məhv edərək möhtəşəm qələbə qazandı. Beləliklə 8 Noyabr Zəfər Günü tariximizin ən şərəfli səhifəsi olaraq hər birimiz üçün əziz günə döndü. Respublikamızın hər yerində olduğu kimi, bu əlamətdar gün münasibətilə Xəzər Tibb mərkəzində də tədbir keçirilib.
Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himni ilə başlanan tədbirdə əvvəlcə Azərbaycanın və dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsinə həsr olunmuş video-çarx nümayiş olunub.
Ardınca Vətən müharibəsinin tarixi əhəmiyyəti, qazanılan Zəfərin xalqımız üçün mənəvi dəyəri, eləcə də şəhidlərin ölüm-dirim savaşlarda göstərdiyi qəhrəmanlığı barədə danışan Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev çıxışının davamında deyib:- 6-cı ildir ki, xalqımız Zəfər Gününü böyük qürur və iftixar hissi ilə qeyd edir. Zəfər Günü hamımız üçün yaddaqalan, müqəddəs bir gündür. Çünki ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq xalqımıza qələbə sevincini yaşatdı. Belə xoş və sevinc dolu anları, günləri xalqımıza bəxş etdiyinə görə, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, şəhidlərə və müharibə veteranlarına hər zaman minnətdar olmalıyıq.
Zəfər Günündə 44 günlük Vətən müharibəsində iştirak etmiş həkimlər də danışıb, bu tarixi günün əhəmiyyətini qürur hissi ilə dillə gətirib və öz xatirələrini bölüşərək həmin dövrdə yaşadıqları hadisələrdən söz açıblar .
Sonda Həmkarlar İttifaqı tərəfindən Vətən müharibəsində iştirak etmiş həkimlərə və şəhid ailələrinə hədiyyələr təqdim olunub.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü