Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azər Badamov: “Bu qurum orduda dəmir intizamı, hüquqi maarifləndirməni və şəffaf münasibətləri təmin edir”
“8 Noyabr zəfərinin əldə edilməsində Hərbi Prokurorluğun özünəməxsus rolu var”.
Bunu Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığı, orduda hökm sürən dəmir intizam və güclü döyüş ruhu 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanılmasını təmin edən əsas amillərdən olub.
Deputatın sözlərinə görə, hərbi nizamnamələrin tələblərinə yüksək səviyyədə əməl olunmadığı təqdirdə orduda özbaşınalıq və intizamsızlıq halları yarana bilər. Bu baxımdan 8 Noyabr zəfərindən danışarkən 1990-cı illərin əvvəllərində, müstəqilliyimizin ilk illərində Azərbaycan Silahlı Qüvvələrinin pərakəndə vəziyyətdə olduğu dövrü də xatırlamaq vacibdir. Çünki nizami ordunun olmaması ilə güclü və intizamlı ordunun mövcudluğu arasındakı fərqi tarixi təcrübəmiz aydın şəkildə ortaya qoyur.
Məhz nizami ordunun formalaşdırıla bilməməsi torpaqlarımızın 20 faizinin işğal altına düşməsinin əsas səbəblərindən biri oldu. Sonrakı illərdə isə güclü, müasir və yüksək intizama malik ordunun yaradılması işğalçı qüvvələrin torpaqlarımızdan qovulmasına və tarixi Zəfərimizin əldə edilməsinə zəmin yaratdı.
Təbii ki, orduda nizam-intizam öz-özünə formalaşmır. Bu prosesdə ilk növbədə hərbi nizamnamələr mühüm rol oynayır. Nizamnamə tələblərinin pozulması isə müvafiq məsuliyyət yaradır. Orduda məsuliyyətsizlik və özbaşınalıq hallarının qarşısının alınmasında Hərbi Prokurorluğun fəaliyyətini xüsusi qeyd etmək istərdim. Mülki həyatda prokurorluq qanunların aliliyinin təmin olunmasına xidmət etdiyi kimi, hərbi sahədə də Hərbi Prokurorluq bu vəzifəni uğurla həyata keçirir.
Birinci Qarabağ müharibəsi dövründə fərarilik hallarının geniş yayıldığı bir vaxtda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunda fərarilik hallarına yol verilməməsi yüksək hərbi intizamın göstəricisi idi. Təbii ki, bunun təməlində, ilk növbədə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik dayanırdı. Bununla yanaşı, hərbi nizamnamələrin tələblərinə ciddi əməl olunması və qanunçuluğun təmin edilməsi də qələbəmizdə mühüm rol oynadı.
Qanunlara və hərbi nizamnamələrə sədaqətlə xidmət edən ordumuzun qələbə qazanması tarixi zərurət idi. Hərbi Prokurorluğun hərbi sahədə baş verən cinayət hadisələrini vaxtında və obyektiv araşdırması, qanun pozuntularına qarşı prinsipial mövqe nümayiş etdirməsi orduda yüksək nizam-intizamın formalaşmasına mühüm töhfə verdi.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmi üzərində tarixi qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi.
Şübhəsiz, 8 Noyabr zəfərini təmin edən bir sıra mühüm amillər oldu ki, onlardan biri də Silahlı Qüvvələrimizin peşəkarlığı, onun dəmir intizamı, yüksək mübarizə ruhudur. Hansı ki, istər ordumuzda nizam-intizamın möhkəmlənməsində, istər hərbçilərimizin vətənpərvərlik ruhunun yüksəlməsində, istərsə də qanunçuluğun möhkəmlənməsi, neqativ hallar üçün mümkün zəminin ortadan qaldırılmasında Hərbi Prokurorluğun apardığı sistemli fəaliyyət böyük rol oynadı.
Bu mənada əminliklə deyə bilərik ki, 8 Noyabr zəfərinin əldə edilməsində Hərbi Prokurorluğun özünəməxsus rolu var. Sözügedən qurum günümüzdə də orduda dəmir intizamı, hüquqi maarifləndirməni və şəfaf münasibətlər sisteminin formalaşmasını təmin edir ki, bu da Silahlı Qüvvələrimizdə sağlam münasibətlərin formalaşması baxımından həyati əhəmiyyət kəsb edir.
İnanırıq ki, Hərbi Prokurorluğun fəaliyyəti bundan sonra da Silahlı Qüvvələrimizin inkişafını təmin edəcək, ordu daxilində qanunçuluğun möhkəmlənməsi müdafiə qabiliyyətimizin yüksəlməsinə töhfə verəcək”.
Seymur ƏLİYEV