Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hər il 8 sentyabr Ümumdünya Fizioterapiya Günü kimi qeyd olunur. Bu əlamətdar gün fizioterapevtlərin insan sağlamlığının qorunmasında və müxtəlif xəstəliklərdən, travmalardan və əməliyyatlardan sonra bərpa prosesində mühüm rolunu diqqətə çatdırır. Sağlam hərəkət, aktiv həyat və həyat keyfiyyətinin bərpası – fizioterapiyanın əsas məqsədidir.
Fizioterapiya yalnız mövcud problemlərin aradan qaldırılmasına deyil, həm də fiziki aktivliyin artırılmasına, hərəkət imkanlarının yaxşılaşdırılmasına və bir sıra sağlamlıq problemlərinin profilaktikasına xidmət edir.
Fizioterapevtlər travma, əməliyyat və xəstəliklərdən sonra bədən funksiyalarının bərpasına, əzələ və oynaq problemlərinin korreksiyasına, xroniki ağrıların azaldılmasına və insanın gündəlik həyata daha rahat qayıtmasına kömək edirlər. Fizioterapiya, həmçinin nevroloji, tənəffüs, ürək-damar və dayaq-hərəkət sistemi ilə bağlı problemlərin reabilitasiyasında mühüm yer tutur.
Müasir həyat tərzi fizioterapiyanın əhəmiyyətini daha da artırır. Belə ki, kompüter qarşısında uzun müddət oturmaq, az hərəkət etmək və gündəlik stress əzələ gərginliyi, bel və boyun ağrıları, düzgün olmayan qamət və hərəkət məhdudiyyətləri ilə nəticələnə bilər.
Bu baxımdan fizioterapevtlər insanlara yalnız ağrıdan qurtulmağa deyil, daha düzgün hərəkət etməyə, fiziki aktivliyi artırmağa və həyat keyfiyyətini yaxşılaşdırmağa dəstək olurlar.
Ümumdünya Fizioterapiya Günü münasibətilə bütün fizioterapevtləri təbrik edir, insan sağlamlığının və aktiv həyatın qorunmasına verdikləri dəyərli töhfələrə görə təşəkkür edirik!
Sağlamlıq hərəkətlə başlayır!