Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2024-cü ilin ilk üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 780 milyon dollar əməliyyat xərcləri və təxminən 582 milyon dollar əsaslı xərclər çəkilmişdir.
Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Modern.az BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir ki, üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
İlin ilk doqquz ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 26 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 80,7 milyon (ildə təqribən 29,5 milyard) standart kubmetrdir.
2024-cü ilin üçüncü rübündə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından üçüncü quyunun işə salınması istiqamətində irəliləmişdir.
Xankəndi sualtı tikinti gəmisi hazırda istismarda olan bütün Şahdəniz 2 və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam etmişdir.