Icma.az, Cebheinfo saytına istinadən bildirir.
ABŞ-də 9 aydır itkin düşən 17 yaşlı qız 48 yaşlı keçmiş müəllimi Coub Binklinin evində sağ tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, yeniyetmə ötən il dekabrın 2-də Kolumbus şəhərində qaldığı mərkəzdən qaçdıqdan sonra itkin düşmüşdü. Ailəsi onun iki il əvvəl məktəbdə tanış olduğu keçmiş təbiət fənni müəllimi Coub Binklinin yanında ola biləcəyindən şübhələnirdi.
Qızın qohumu Çelsi Uorner bildirib ki, ailə itkin barədə müraciətdən sonra dəfələrlə polisə Binklinin evinin yoxlanılmasını tələb edib. Onun sözlərinə görə, yeniyetmənin anası ilə münasibətləri problemli idi və müəllim bu vəziyyətdən istifadə edərək onu manipulyasiya edib.
Ailə, həmçinin qızın Binklinin evində silahlarla çəkilmiş fotolarını və müəllimlə bağlı əvvəlki ittihamları polisə təqdim edib. Lakin onlara tədbir görülməsi üçün kifayət qədər sübutun olmadığı bildirilib.
Məlumata görə, əvvəllər "Springfield City School District"-də müəllim işləyən Binkli axtarış müddətində polis əməkdaşlarının evinə iki dəfə daxil olmasına icazə verməyib.
Nəhayət, ABŞ Marşallar Xidmətinin xüsusi əməliyyat qrupu avqustun 21-də evə daxil olub və 9 aydır itkin düşən 17 yaşlı qızı sağ vəziyyətdə aşkar edib.
Qızın tapılmasından sonra 48 yaşlı Coub Binkli saxlanılıb. Ona qarşı qəyyumluq hüququna müdaxilə maddəsi ilə ittiham irəli sürülüb. Sonradan zaminə buraxılan Binkli günahını qəbul etməyərək özünü təqsirsiz elan edib.
Prokuror isə bildirib ki, yeniyetmənin əməkdaşlığı olmadan ona qarşı daha ağır ittiham irəli sürmək mümkün deyil.
Ailənin sözlərinə görə, qız daha əvvəl də evdən qaçaraq Binklinin yanına getmişdi. Ötən ilin noyabrında itkin düşdükdən bir neçə gün sonra onun müəllimin yanında olduğu müəyyən edilmişdi.
Araşdırma zamanı Binklinin müəllimlik fəaliyyəti də yenidən gündəmə gəlib. Bildirilib ki, o, 2014-cü ilin noyabrı və 2015-ci ilin yanvarında inzibati məzuniyyətə göndərilib, 2015-ci ilin fevralında isə texnologiya ilə bağlı qaydaları pozduğu üçün işdən çıxarılıb.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin