9 min illik sirr:

23.08.2026

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Arxeoloqlar Türkiyənin mərkəzində təxminən 9 min il əvvəl hazırlanmış, üzərində qeyri-adi cızıqlar olan daha 11 obsidian ox ucluğu aşkar ediblər.

Yeni tapıntılardan sonra bu sirli artefaktların ümumi sayı 54-ə çatıb. Onların hər birinin üzərində fərqli işarələr var və bu cızıqların hansı məqsədlə çəkildiyi hələ də məlum deyil.

Tapıntılar Kapadokiyada yerləşən neolit dövrünə aid Tepecik-Çiftlik yaşayış məskənində aşkar edilib. Araşdırmanın nəticələri PLOS One elmi jurnalında dərc olunub.

9 min il əvvəl insanlar bu işarələri niyə çəkirdilər?

Tepecik-Çiftlik yaşayış məskəni təxminən eramızdan əvvəl 7100-5800-cü illər arasında mövcud olub.

Burada yaşayan insanlar əkinçilik və maldarlıqla məşğul olur, bəzən də ov edirdilər. Ərazi vulkanik şüşə olan obsidianın iki böyük yatağı arasında yerləşirdi. Həmin dövrdə obsidiandan iti alətlər və silahlar hazırlanırdı.

Arxeoloqlar bu ərazidə indiyədək təxminən 740 obsidian ox ucluğu tapıblar. Lakin əvvəllər onlardan yalnız birinin üzərində belə qeyri-adi cızıqlar aşkarlanmışdı.

Vəziyyət 2022-ci ildən sonra dəyişib. Tədqiqatçılar əvvəlcə bir neçə ox ucluğu, daha sonra isə ümumilikdə 11 yeni nümunə aşkar ediblər.

Cızıqlar təsadüfi yaranmayıb

Alimlər bu xətlərin obsidianın hazırlanması zamanı təsadüfən yaranıb-yaranmadığını müəyyənləşdirməyə çalışıblar.

Mikroskopik araşdırma göstərib ki, cızıqlar qəsdən çəkilib.

Təcrübələr zamanı məlum olub ki, obsidian üzərində belə izlər yaratmaq üçün daha sərt material olan çaxmaqdaşından istifadə etmək lazım imiş. Maraqlıdır ki, həmin dövrdə çaxmaqdaşı yaşayış məskənində çox az olub.

Bu isə onu göstərir ki, ox ucluqlarını hazırlayan insanlar uyğun aləti xüsusi olaraq axtarmalı olublar.

Bəzi ox ucluqlarında cəmi bir neçə cızıq var. Məqsəd qara obsidianın səthində aydın görünən ağ xətt yaratmaq olub.

Lakin nümunələrdən birində cızıqlar ən azı 20 dəfə çəkilib və bir xəttlə birləşdirilmiş üç kvadratdan ibarət mürəkkəb naxış yaradılıb.

Bu işarələr nə deməkdir?

Ən böyük sirr də məhz budur. Tədqiqatçılar hələlik ümumi bir sistem müəyyən edə bilməyiblər.

Bəzi naxışlar ox ucluğunun mərkəzində, digərləri isə kənarında yerləşir. Bəzən cızıqlar alətin son formasını almamışdan əvvəl, bəzən isə hazırlanandan sonra çəkilib.

Heç bir naxış tam olaraq digərini təkrarlamır. Üstəlik, onlar həmin dövrə aid məlum simvollara da uyğun gəlmir.

Bununla bağlı bir neçə ehtimal var.

Arxeoloq Ketrin Ataman hələ 1980-ci illərdə belə işarələrin ovçuların bir növ “imzası” ola biləcəyini irəli sürmüşdü. Bu halda işarələr oxun hansı ovçuya aid olduğunu və ov heyvanını kimin öldürdüyünü müəyyən etməyə kömək edə bilərdi.

Lakin belə ox ucluqlarının az olması və hər bir naxışın fərqli olması bu nəzəriyyəni tam izah etmir.

Başqa ehtimala görə, cızıqlar sadəcə bəzək məqsədi daşıyıb. Onların ritual və hətta sehrli məna daşıması da istisna edilmir.

Hazırda bu versiyaların heç biri kifayət qədər sübutla təsdiqlənməyib.

Daha bir sirr

Tədqiqatçıların diqqətini başqa bir məqam da çəkir.

Həmin dövrdə Kapadokiya obsidianı böyük məsafələrə, hətta Cənubi Levanta qədər daşınırdı. Buna baxmayaraq, üzərində belə cızıqlar olan ox ucluqları indiyədək yalnız müasir Türkiyənin mərkəzi hissəsində aşkar edilib.

Alimlər hesab edirlər ki, yeni tapıntılar bu sirrin açılmasına kömək edə bilər.

Xüsusilə belə ox ucluqlarından birinin qədim dəfn yerində tapılması mühüm kəşf sayılardı. Bu halda alimlər onların kim tərəfindən hazırlandığını və qədim insanların həyatında hansı rolu oynadığını daha dəqiq müəyyənləşdirə bilərdilər.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью