Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Bəli, artıq bunu yalnız beləcə adlandırmaq olar. Hərçənd onun meydana gəlməsi də anormallıq idi. Amma bu haqda düz 34 il danışıldığından təkrara ehtiyac yoxdur.
Yeni olan budur ki, artıq Azərbaycan-Ermənistan münaqişəsi yoxdur, “Dağlıq Qarabağ” deyilən problem də yoxdur. O, birdəfəlik həll olunub, tarixə qovuşub.
Bakı və İrəvan düşmən dövlətlər kimi ayrılmayıblar. Tam əksinə, onlar regionun siyasi mənzərəsini kardinal şəkildə dəyişmək əzmindədirlər: bir-birinə qarşı güc tətbiq etməyi planlaşdırmır, ərazi iddiaları irəli sürmür, əksinə, Vaşinqtonun bilavasitə vasitəçiliyi ilə yeni regional və ikitərəfli münasibətlər qurmağa cəhd edirlər.
Bir sözlə, artıq ortada münaqişə yoxdur, hansısa aqressiya aktı təsəvvür belə olunmur, Vaşinqtonun özünün iştirakı ilə İrəvanın və Naxçıvanın blokadasına son qoyulur. “Revanş” haqqında yalnız Ermənistanda hansısa “tör-töküntü” düşünür ki, onun da çəkisini son parlament seçkisi göstərdi.
Belə vəziyyətdə 907-ci düzəlişin qüvvədə qalması üçün bir məntiq varmı? Olmayan bir predmetə — münaqişəyə görə bir ölkəyə qarşı sanksiya tətbiq olunarmı? Doğrudanmı ABŞ bu qədər anormal dövlətdir? Heç olmasa, predmeti — səbəbi təzələyin, bəlkə başqa bir şey tapdınız. Axı biabırçılıqdır bu...
907-ci düzəlişin indiyədək qüvvədə qalmasını ABŞ qanunvericilik sisteminin mürəkkəbliyi ilə izah edirlər. Amma bəlkə bunu ABŞ qanunvericiliyinin biabırçılığı kimi izah etmək lazımdır? İndi biz nə edək? Nə qədər ki bu münaqişə vardı, hansısa prezidentlərlə əlaqələr qurur, onların şəxsi, fərdi səyləri ilə məsələni həll edirdik.
Bir daha deyirik ki, indi münaqişə yoxdur. Üstəlik, bu prosesdə üç əsas aktordan biri də ABŞ-dır, dəhliz ABŞ prezidentinin adı ilə adlanır. Odur ki, düzəlişi bu günədək saxlamaq özü bir gülünclük deyilmi?
Ötən əsrdə Kurt Gödel adlı çox məşhur məntiq alimi vardı. Bu alim natamamlıq teoremləri ilə məşhur idi. Gödel teoremlərini ABŞ Konstitusiyasına da tətbiq etmək istəyirmiş, amma ona mane olublar.
İndi başqa bir misalın timsalında bizə təkrar aydın olur ki, ABŞ qanunvericiliyi bəzi hallarda gülünc dərəcədə sxematikdir. Bilirsiniz, bu, nəyə bənzəyir? Bəzi ölkələrdə hətta dünyasını dəyişmiş insanların adlarını belə seçici siyahılarında saxlayırlar. Bu qanun da ölüdür, artıq onun predmeti yoxdur, amma olmayan predmetə görə sanksiya qalır. Bir daha soruşuruq: gülünc deyilmi?
Odur ki, ABŞ konqresmenləri heç olmasa, sağlam məntiqi əsas götürməlidirlər. İnanın, çox gülünc haldır. ABŞ qanunvericilik təcrübəsində qeyri-standart detallar çoxdur. Məsələn, deputatların çıxışına məhdudiyyət qoyulmur, onlar saatlarla, günlərlə danışa bilərlər. Deyilənə görə, bir də görürsən, deputat hansısa kitabı götürüb oxumağa başlayır...
Amma mənə elə gəlir ki, ABŞ siyasətçiləri bu məsələdə bir az riyakarlıq edirlər. Bəzi istisnaları nəzərə almasaq, ümumilikdə ABŞ-ın siyasi-hüquqi sistemi yenə də çox çevikdir (bu sətirləri yazanda ABŞ məhkəməsinin Trampın daha bir qərarını ləğv etməsi haqqında xəbər gəldi). Hər halda, belə olmasaydı, ölkə bütün parametrlərə görə dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilə bilməzdi.
İndi nə olub? Bəlkə qanunvericilik sistemi də “selektiv” işləyir? Yoxsa bu da yeni praktikadır və burada da çoxstandartlılıq hökm sürür? ABŞ-ın praktikasında nə qədər ölkəyə qarşı sanksiya tətbiq etmək və ya sanksiyanı aradan qaldırmaq təcrübəsi var. 907-ci düzəliş niyə belə müşkülə çevrildi?..
Hüseynbala Səlimov