94 ildir kəşf edilib, amma 1 yaşını belə tamamlamayıb: Plutonun kədərli hekayəsi

25.01.2026

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

1930-cu ildə kəşf edilən Pluton öz təqviminə görə hələ bir yaşını belə bitirməyib. Günəş ətrafında ilk tam dövrəsini yalnız 2178-ci ildə başa vuracaq bu buzlu dünya ilk "doğum günü"nü qeyd etməyə macal tapmadan planet statusunu itirib. Plutonun kədərli və eyni zamanda maraq doğuran hekayəsi belə başlayır.

Qaynarinfo xəbər veirr ki, Günəş sisteminin ən ucqar nöqtələrində, buzlu və qaranlıq məkanda hərəkət edən Pluton kəşf edildiyi gündən astronomiya aləmində ən çox müzakirə olunan səma cisimlərindən biri olub. "Eris”, "Ceres”, "Makemake” və "Haumea” kimi cırtdan planetlər arasında onu bu qədər məşhur edən əsas səbəb isə bir zamanlar "doqquzuncu planet” kimi qəbul edilməsi idi.

Lakin Plutonun hekayəsi təkcə status dəyişikliyindən ibarət deyil. Onun arxasında yüz ildən artıq davam edən bir elmi detektiv hekayəsi dayanır. Hər şey XIX əsrdə Uran planetinin orbitində müşahidə olunan və Nyuton fizikasına əsasən izah edilə bilməyən sapmaların aşkar olunması ilə başlayıb. Astronomlar Uranı özünə çəkən naməlum qüvvəni axtararkən əvvəlcə Neptunu tapıblar, lakin hesablamalar hələ də nəyinsə çatmadığını göstərib.

Amerikalı astronom Persival Louell Neptunun o tayında daha bir planetin olmalı olduğunu irəli sürərək bu sirli səma cismini Planet X adlandırıb. Louellin proqnozlarına əsaslanan Klayd Tombo 1930-cu ildə Arizonadakı rəsədxanada səmanı diqqətlə müşahidə edib. Müxtəlif tarixlərdə çəkilmiş fotoşəkilləri sürətlə müqayisə edən xüsusi cihazın köməyi ilə ulduzlar arasında yerini dəyişən kiçik nöqtəni aşkar edib. O zaman cəmi 11 yaşında olan Venetia Börninin təklifi ilə bu yeni səma cisminə Pluton adı verilib və o, qısa müddətdə dərsliklərdə yerini alıb.

Plutonun planetlik dövrü, öz zaman ölçüsünə görə əslində çox qısa olub. 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı bir səma cisminin "planet” sayılması üçün meyarları yenidən müəyyənləşdirib. Pluton Günəş ətrafında fırlanır və kütləsi hesabına kürə formasına malikdir, lakin üçüncü şərtdə uğursuz olub: orbitini təmizləmək. Pluton öz orbitini müxtəlif ölçülü kosmik cisimlərlə paylaşdığı üçün "cırtdan planet” kateqoriyasına salınıb.

Buna baxmayaraq, onun ən böyük peyki olan və kütləsi Plutonun təxminən yarısına bərabər Charonla qurduğu unikal münasibət dəyişməz qalıb. Bu səbəbdən Pluton-Charon sistemi Günəş sistemində "ikiqat planet” anlayışına ən yaxın nümunə hesab olunur.

Plutonun kosmosdakı hərəkəti son dərəcə ləngdir. Onun Günəş ətrafında bir tam dövrəsi, yəni bir "Pluton ili” tam 248 Yer ili davam edir. Bu isə o deməkdir ki, 1930-cu ildə kəşf edilən bu buzlu dünya hələ bir dəfə də olsun öz ilini tamamlamayıb. İlk "doğum günü” yalnız 23 mart 2178-ci ildə baş tutacaq. Üstəlik, Plutonun orbiti təkcə uzun deyil, həm də olduqca elliptikdir. Məhz buna görə 1979–1999-cu illər arasında Günəşə Neptundan belə daha yaxın mövqedə yerləşib.

İnsan ömrü ilə müqayisədə ortaya kifayət qədər kədərli mənzərə çıxır: Pluton planet elan edildiyi ilk "yaşını” belə qeyd etmədən bu statusu itirdi və böyük ehtimalla hazırda Yer üzündə yaşayan heç kim onun ilk "il dönümünə” şahidlik edə bilməyəcək.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью