99 milyon ildir kəhrəbada gizlənən kəşf

23.07.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ-ın Sem Hyuston Dövlət Universitetinin (Sam Houston State University) paleontoloqları beynəlxalq tədqiqat qrupu ilə birlikdə prehistorik kərtənkələlərin tamamilə yeni və unikal növünü kəşf ediblər. "Swiss Journal of Palaeontology" elmi nəşrində dərc olunan tədqiqata görə, "Carinasquama rusmithii" adlandırılan bu yeni növün 99 milyon il (orta Təbaşir dövrü) əvvələ aid olan iki nüsxəsi Myanmanın Kaçin əyalətində qədim kəhrəba qalıqları içərisində aşkar edilib.

Yeni tapılan sürünən növü inanılmaz dərəcədə kiçik ölçülərə malikdir: onun burnundan quyruq qisminədək olan bədən uzunluğu cəmi 1,6 – 2,2 santimetr təşkil edir. Lakin bu tapıntını elmi ictimaiyyət üçün sensasiyaya çevirən onun rekord dərəcədə kiçik olması deyil, kəhrəba içərisində 99 milyon il ərzində qorunub saxlanılan misilsiz anatomik detallardır.

Tədqiqat zamanı tapılmış nüsxələrdən birində quyruğun oturacağı yaxınlığında xüsusi anatomik qabarıqlıq aşkar edilib. Mütəxəssislər bunun erkək sürünənlərə məxsus spesifik reproduktiv orqan strukturunun (hemipenis) xarici əlaməti olduğunu birmənalı şəkildə təsdiqləyiblər. Qeyd etmək lazımdır ki, nəsli kəsilmiş heyvanların bioloji cinsinin müəyyən edilməsi paleontologiyada ən çətin vəzifələrdən biri hesab olunur. Çünki əksər hallarda fosilləşmə prosesi zamanı yumşaq toxumalar tamamilə məhv olur və alimlər yalnız sümük xüsusiyyətlərinə və ya mürəkkəb statistik analizlərə əsaslanmaq məcburiyyətində qalırlar.

Qədim gekkonun bədən toxumaları kəhrəba içərisində çürüyərək yalnız boş bir qəlib şəklində qalsa da, onu əhatə edən qatran heyvanın xarici konturlarını fenomenal dəqiqliklə qoruyub saxlaya bilib. Mikro-kompüter tomoqrafiyasından istifadə edən alimlər sürünənin dərisinin, qovuqvari pulcuqlarının və digər xarici örtüklərinin detalizə edilmiş 3D modelini yaratmağa müvəffəq olublar. Morfoloji xüsusiyyətlərin məcmusuna əsasən, C. rusmithii növü kərtənkələkimilərin geniş Pan-Gekkota qrupuna aid edilib.

Elm aləmində böyük rezonans doğuran bu kəşf, bioloji cinsi heç bir şübhə doğurmayan dünyanın ən qədim kərtənkələ qalıqlarından biri kimi rəsmən tanınıb. Tapıntı həmçinin sübut edir ki, mürəkkəb reproduktiv anatomiya pulcuqlu sürünənlərdə hələ onların təkamül inkişafının ən erkən mərhələlərində formalaşmışdır.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью