AB Çinlə ticarətdə balans təmin etməyə çalışır

01.09.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avropa Birliyi (AB) Komissiyası Çinlə ticarət kəsirini azaltmaq üçün çalışır ki, bu da gündə təxminən 1 milyard avro təşkil edir.

AB Ticarət üzrə Komissarı Maros Şefçoviç “Politico” saytına Birliyin Çinlə ticarətini qiymətləndirib. Ticarət kəsirini bağlamaq üçün Çinə AB məhsullarının ixracının artırılmasının vacibliyini bildirən Şefçoviç deyib: "Çinin AB-yə ixracını necə daha yaxşı idarə edə biləcəyimizə baxmalıyıq".

Sefçoviç qeyd edib ki, AB ilə Çin arasındakı ticarət problemlərinin hər iki tərəfin atdığı addımlarla həll edilməsi münasibətlərin gələcəyi üçün ən təsirli metod olacaq.

AB üzv dövlətlərinin liderlərinin AB Komissiyasından Çinlə ticarət kəsirini azaltmaq üçün yeni vasitələr hazırlamasını istədiklərini xatırladan Şefçoviç oktyabrın ortalarına qədər konkret nəticələr əldə etmələrinin lazım olduğunu bildirib.

Sefçoviç sentyabrın ortalarında Çinin ticarət naziri Van Ventao ilə videokonfrans vasitəsilə görüşəcəyini və oktyabrın əvvəlində Pekinə səfər edəcəyini açıqlayıb. Bu həftə Aİ danışıqlar qrupunun Çindəki təmaslarına toxunan Sefçoviç danışıqların açıq  və bütün məsələlərin müzakirə mövzusu olduğunu bildirib.

Həmçinin Sefçoviç Aİ liderlərinin Çindəki təchizat artıqlığının yaratdığı problemlərin həlli üçün addımlar atılacağını gözlədiyini vurğulayaraq əlavə edib: "Oktyabr ayına qədər konkret nəticələr əldə etməliyik".

Sefçoviç Aİ-nin Çinə kənd təsərrüfatı məhsulları, tibbi cihazlar və avtomobillər kimi məhsulların ixracını artırmaq istədiyini və Çindən Avropaya ixracın artmasının yalnız iqtisadi göstəricilər və ya bazar şərtləri ilə deyil, həm də Pekin administrasiyası tərəfindən verilən dövlət subsidiyalarının rəqabəti təhrif etməsi ilə bağlı olduğunu söyləyib.

Daha sonra Sefçoviç qeyd edib ki, Pekin administrasiyası ilə təmaslar nəticə verməsə, Aİ ticarət müdafiəsi vasitələrindən tam istifadə edə və bazarını Çin məhsullarından daha da qoruya bilər. Sefçoviç daha sonra bildirib ki, Aİ Komissiyası sürətli idxal artımı Avropa istehsalçılarına zərər verərsə, idxalı müvəqqəti olaraq məhdudlaşdıran təhlükəsizlik tədbirləri hazırlamağı planlaşdırır və həmçinin Avropa şirkətlərini alternativ təchizatçılara müraciət etməyə təşviq etmək üçün diversifikasiya vasitəsi üzərində işləyir.

Keçən il Aİ-nin Çinlə ticarət kəsiri indiyə qədər ən yüksək səviyyəyə, 360 milyard avroya çatıb.

Gündə orta hesabla 1 milyard avroya bərabər olan bu kəsir Aİ administrasiyasını Çinlə ticarət münasibətlərini yenidən balanslaşdırmaq üçün tədbirlər görməyə sövq edib.

M.MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью