“ABAD”çı sənətkarın uğur hekayəsi Keramikada milli izlər FOTO

03.02.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəki, 3 fevral, Mustafa Dadaşov, AZƏRTAC

“ABAD”ın dəstək göstərdiyi şəkili sənətkarlardan biri də gənc rəssam Zaur Əhmədovdur. O, 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirərək, biliklərini praktik sənətkarlıqla birləşdirməyə müvəffəq olub. Hazırda Şəki şəhərində yerləşən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində rəssam-keramikaçı kimi fəaliyyətini davam etdirən Zaur palçıq və boyaların vəhdətindən milli ruhlu modern nümunələr yaradır.

AZƏRTAC-ın bölgə müxbiri gənc sənətkarla görüşüb, onun yaradıcılıq yolu və uğurları ilə maraqlanıb.

Zaur Əhmədov Rəssamlıq Akademiyasını bitirdikdən sonra bir müddət zərgərlik fəaliyyəti ilə məşğul olub, bu sahədə peşə təcrübəsinə yiyələnib. Əmək fəaliyyətinə 2015-ci ildə Şəki Dövlət Rəsm Qalereyasında bərpaçı-rəssam kimi başlayıb. Gənc sənətkar, eyni zamanda, fərdi yaradıcılığına da xüsusi diqqət ayırıb, kiçikölçülü qaya daşlarının üzərində rəngli boyalarla rəsm əsərləri yaratmaqla məşğul olub. Yaşadığı diyarın gözəl təbiət mənzərələri, Şəki Xan Sarayı, Kiş alban məbədi, Aşağı və Yuxarı karvansaraylar, həmçinin Azərbaycanın digər məşhur tarixi abidələri, müasir memarlıq nümunələri onun əsərlərinin əsas mövzusunu təşkil edir. Sənətkarın hazırladığı zərif naxışları ilə diqqəti cəlb edən maqnitli suvenirlərə turistlər həmişə böyük maraq göstərirlər.

Rəssam-keramikaçı öz biznesini genişləndirmək, eyni zamanda, Şəkinin gənc sənətkarlarını bir çətir altında toplamaq məqsədi ilə sənət dostu Asim Abbasovla birgə “ArtClub Kafe – Emalatxana” konseptini yaradıb. Bu sahədə ilk addımlarını atan Zaur əl işlərinin Şəkidən kənarda da tanıdılmasına nail olmaq, daha geniş satış bazarına çıxmaq, gəlirlərini artırmaq məqsədi ilə “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulmaq qərarına gəlib və 2017-ci ildə onun bu arzusu gerçəkləşib.

Onun fəaliyyəti təkcə fərdi yaradıcılıqla məhdudlaşmır, tətbiqi sənətin qədim ənənələrini qoruyub saxlayaraq onları müasir üslubda yenidən işləyir. “ABAD”ın təqdim etdiyi geniş texniki imkanlar və yaradıcı mühit Zaur Əhmədovun əl işlərinin həm yerli, həm də xarici turistlər üçün cəlbedici sənət nümunəsinə çevrilməsinə şərait yaradır. Şəkinin tarixi atmosferindən ilhamlanan gənc rəssamın keramika məhsulları sənətin nəsildən-nəslə ötürülən estetik dəyərini və "ABAD"ın milli brendləşmə missiyasını özündə parlaq şəkildə təcəssüm etdirir.

“Əvvəllər hazırladığım əl işlərini satmaq üçün Şəkidəki mağazalara, sənətkarlıq dükanlarına təqdim edirdim. Biznesimi genişləndirməkdə çətinlik çəkirdim. “ABAD”a qoşulduqdan sonra artıq əl işlərim Şəki ilə yanaşı, Bakıda və digər şəhərlərimizdə yerləşən mağazalarda, sənətkarlıq mərkəzlərində də satılır. Sifarişlərim xeyli çoxalıb. 2018-ci ildə Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi açılanda “ABAD”la əməkdaşlıq etdiyim üçün məni də Mərkəzə dəvət etdilər, təlimlərdə iştirak etdim, rəssam-keramist ixtisasına yiyələndim. İndi mən özüm burada təşkil olunan təlimlərdə gənclərə bu sənətin sirlərini öyrədirəm”, - deyə o bildirib.

Həmsöhbətimiz vurğulayıb ki, Mərkəz fəaliyyətə başladığı gündən bəri burada onlarla gənc keramist yetişib və hazırda onların bir çoxu bu sənətlə fərdi şəkildə məşğul olur. Zaur Əhmədov Şəkinin bu sahədəki beynəlxalq nüfuzundan qürurla bəhs edib: “Şəki şəhərinin beynəlxalq keramika marşrutuna daxil edilməsində az da olsa əməyimin olmasından böyük sevinc duyuram. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisini ziyarət edən xarici turistlərin əksəriyyəti bizim Mərkəzə də mütləq baş çəkir, keramika məhsullarına böyük maraq göstərirlər. Biz onlara sənətin incəlikləri barədə ətraflı məlumat verməklə yanaşı, ustad dərsləri də təşkil edirik. Turistlər suvenirlərin hazırlanma prosesində şəxsən iştirak edərək, bu sənəti əyani şəkildə öyrənirlər. Onlar daha çox milli elementlərin əks olunduğu əl işlərinə üstünlük verir və hazırladığımız suvenirləri böyük həvəslə alırlar”.

Gələcək planları barədə danışan Zaur Əhmədov deyib: “Hazırda Azərbaycanın məşhur tarixi abidələrinin suvenir formasında, kiçik ölçüdə keramik maketləri üzərində işləyirəm, qəliblərini hazırlayıram. Bu abidələrə Şəkidəki, eləcə də Bakı, Qarabağ, Gəncə və digər regionlardakı məşhur abidələr daxildir. Turistlər üçün nəzərdə tutulan bu iş “ABAD” tərəfindən sifariş verilib. Qəliblər tam hazır olduqdan sonra növbəti mərhələdə bu suvenirləri keramikdən seriyalı şəkildə istehsal etməyə başlayacağam”.

Beləliklə, Zaur Əhmədovun nümunəsi fərdi istedadın dövlət dəstəyi və müasir yanaşma mexanizmləri ilə birləşdikdə necə böyük uğurlara yol açdığını bir daha sübut edir. “ABAD”ın yaratdığı imkanlardan bəhrələnərək milli sənətkarlığımızı həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə təbliğ edən rəssam təkcə keramika məhsulları istehsal etmir, həm də gələcək nəsillərə qədim ənənələrin müasir ruhla çatdırılması missiyasını yerinə yetirir. Onun Şəkinin tarixi küçələrindən başlayan sənət yolu, bu gün Azərbaycanın milli brendinin bir parçasına çevrilərək sənətsevərlərin rəğbətini qazanmaqda davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью