Icma.az bildirir, 525.az portalına istinadən.
Məşhur bir fikir var: dünyanı dəyişmək istəyirsənsə, əvvəlcə özündən başla. Yaşadığın məkanı gözəlləşdirmək də elə buradan başlayır. Bakı Abadlıq Xidmətinin paytaxtın kənd və qəsəbələrində həyata keçirdiyi təşəbbüslərin əsas ideyası budur: abadlıq yalnız təmir və quruculuq işlərindən ibarət deyil, həm də insanların yaşadıqları yerə münasibəti, birgə işləmək bacarığı və doğma mühitə sahib çıxmaq istəyi ilə bağlıdır.
Bu baxımdan Balaxanı diqqətçəkən nümunələrdən biridir. Altı il əvvəl Bakı Abadlıq Xidmətinin həyata keçirdiyi əsaslı təmir-bərpa işlərindən sonra kəndin siması əhəmiyyətli dərəcədə dəyişib. Yenilənən küçələr, səliqəyə salınan evlər, özünəməxsus memarlıq və yaradıcı tərtibat Balaxanını yerli və xarici turistlər üçün cəlbedici məkana çevirib. Bakının yaxınlığındakı bu qədim kənd həftəsonları gəzinti məkanına çevrilməklə yanaşı, yerli sahibkarlığın inkişafına da təkan verib.
İndi Balaxanıda diqqət yalnız mövcud abadlığın qorunmasına deyil, kənd həyatının daha da canlandırılmasına yönəlib. Bu payız burada yeni bir ənənənin əsası qoyulub: Bakı Abadlıq Xidmətinin təşəbbüsü ilə ilk iməcilik keçirilib.
Kəndin gəncləri, yeniyetmələri və uşaqları təmizlik işlərinə qoşulub, ağsaqqalların məsləhətləri nəzərə alınıb. Əvvəlcə qəbiristanlıq sahmana salınıb, sonra küçələr, dalanlar və tinlər təmizlənib, səkilər daş-kəsəkdən və kol-kosdan arındırılıb, evlərin kandarları səliqəyə salınıb. Qadınlar da bu ümumi işə öz töhfələrini veriblər: çay dəmləyən, meyvə doğrayıb süfrə hazırlayan, şirniyyat bişirib iştirakçılara paylayan olub. Bakı Abadlıq Xidməti isə iməciliyə işçi qüvvəsi, avadanlıq və tikinti materialları ilə dəstək göstərib.
İlk iməciliyin nəticəsi sakinləri bu işi davam etdirməyə həvəsləndirib. Çünki insan yaşadığı yerə sahib çıxmayınca, görülən abadlıq işlərinin nəticələrini uzun müddət qorumaq çətindir. Ev anlayışı yalnız dörd divar arasındakı məkanla məhdudlaşmır: həyət, məhəllə, kənd də bu evin bir hissəsidir. Hər kəs öz ətrafının təmizliyinə və səliqəsinə məsuliyyətlə yanaşsa, ümumi mühit də dəyişər.
İməcilik, eyni zamanda, insanları bir araya gətirən ünsiyyət və həmrəylik vasitəsidir. Belə təşəbbüslərin müntəzəm keçirilməsi, işlərin ardıcıllığının ağsaqqallarla birlikdə müəyyənləşdirilməsi, təmirə və bərpaya ehtiyacı olan evlərin sakinlərin iştirakı ilə müəyyən edilməsi nəzərdə tutulur. Balaxanıda başlanan bu təşəbbüs artıq Maştağa və Binədə də keçirilib. İndi növbə paytaxtın digər kənd və qəsəbələrindədir.
Balaxanıda payızın rəngləri
Kənd həyatını canlandırmaq, insanları bir araya gətirmək və yerli sahibkarlığa dəstək vermək baxımından mədəni və ticarət tədbirləri də mühüm rol oynayır. Oktyabrın 24-dən Balaxanıda ilk dəfə balqabaq yarmarkası başlayacaq. Yarmarka noyabrın 1-dək davam edəcək. Bakı Abadlıq Xidmətinin təşkilatçılığı ilə baş tutacaq tədbir payız mövsümünə uyğun məhsulları, milli mətbəxi, əl işlərini və əyləncəni bir məkanda birləşdirəcək.
Yarmarkada balqabağın müxtəlif növləri ilə yanaşı, bu məhsuldan hazırlanan milli təamlar - qəlyə və qutablar, şirniyyatlar, mürəbbələr təqdim ediləcək. Balqabaq ornamentli suvenirlər, bəzək və məişət əşyaları da ziyarətçilərin seçiminə veriləcək. Bakı Abadlıq Xidmətinə aid müəssisələr tədbirə öz töhfələrini verəcəklər. "Gilabi Ceramiks", "Sariban", eləcə də Laçında fəaliyyət göstərən "Latifa" və "Nachışlı" öz məhsullarını nümayiş etdirəcəklər. Vaxtilə Bakı Abadlıq Xidmətinin dəstəyi ilə yaradılmış "Oxlov" və "Qovurma" restoranlarının hazırladığı təamlar da yarmarkanın qonaqlarına təqdim olunacaq.
Yarmarkanın Hellouin günləri ərəfəsində keçirilməsi bayram aksessuarlarının da satışına imkan yaradacaq. Tədbir yalnız ayrı-ayrı müəssisələrin məhsullarını təqdim etmək üçün deyil, yeni iştirakçıları cəlb etmək üçün də açıqdır. Təşkilatçılar gələcəkdə payız yarmarkalarının ayda bir dəfə keçirilməsini nəzərdə tuturlar.
Oktyabrın 24-dən noyabrın 1-dək Balaxanıda keçiriləcək yarmarka payız günlərini fərqli məkanda keçirmək istəyənlər üçün maraqlı fürsətdir. Ziyarətçiləri milli təamlar, əl işləri, alış-veriş və fotosessiyalar üçün cəlbedici məkan gözləyir. Uşaqlar üçün əyləncə, böyüklər üçün isə müxtəlif məhsullarla tanışlıq imkanı olacaq.
Balaxanıda həyata keçirilən bu təşəbbüslər göstərir ki, kəndin inkişafı yalnız küçələrin və evlərin yenilənməsi ilə bitmir. Bu inkişafın davamlı olması üçün sakinlərin fəallığına, birgə təşəbbüslərə və kənd həyatına yeni nəfəs gətirən tədbirlərə də ehtiyac var. İməcilik insanları ümumi iş ətrafında birləşdirir, yarmarka isə yerli məhsulların tanıdılmasına və kəndin daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır.
Kəndlərin özünəməxsus siması
Bakı Abadlıq Xidmətinin fəaliyyəti kəndlərdə abadlığın qorunması və ictimai həyatın canlandırılması ilə məhdudlaşmır. Hər bir kəndin özünəməxsusluğunun qorunması, tanıdılması və yeni ideyalarla zənginləşdirilməsi də bu istiqamətdə əhəmiyyət daşıyır. Xidmətin təşəbbüsü ilə yaradılan Pryzma.az platforması məhz bu məqsədlə yaradılıb.
Platforma ilk müsabiqəsini uğurla başa vurub. Əmircan qəsəbəsinin simvoluna həsr olunan müsabiqəyə 100-ə yaxın dizayn nümunəsi təqdim edilib. İşlər iki istiqamət üzrə qiymətləndirilib: münsiflər heyətinin seçimi və sayt üzərindən keçirilən ictimai səsvermə.
Münsiflər heyətinin qərarı ilə Kamal Məmmədli birinci, Məryəm Əhmədova ikinci, Nərgiz Əsədova üçüncü yeri tutub. İctimai səsvermədə isə Şəbnəm Ələkbərli birinci, Məryəm Əhmədova ikinci, Səid Məmmədov üçüncü olub. Hər iki istiqamət üzrə qaliblərə sertifikatlar və pul mükafatları təqdim edilib.
Qalib dizaynların müxtəlif əşya və suvenirlər üzərində tətbiqi nəzərdə tutulur. Bu, yaradıcı ideyaların müsabiqə çərçivəsində qalmayaraq gündəlik həyatda istifadə edilən məhsullara çevrilməsinə imkan verəcək.
Pryzma.az-da növbəti müsabiqələrə də start verilib. "Bakı kəndlərinin simvolları" layihəsi çərçivəsində Novxanı və Maştağa kəndlərinin simvollarının hazırlanması üzrə yaradıcılıq müsabiqələri elan olunub. Bu təşəbbüslər yaradıcı insanlara öz ideyalarını təqdim etmək, kəndlərin özünəməxsusluğunu əks etdirən simvolların yaradılmasında iştirak etmək imkanı verir. Platforma gələcəkdə də yeni müsabiqələrlə yaradıcı insanları bir araya gətirməyi, onların bacarıqlarını nümayiş etdirməsinə və ideyalarını reallaşdırmasına şərait yaratmağı hədəfləyir.
Balaxanıda iməcilik, payız yarmarkası, digər kəndlərdə isə yerli simvolların yaradılmasına yönələn müsabiqələr fərqli təşəbbüslər olsa da, onları birləşdirən ümumi məqsəd var: Bakı kəndlərinin özünəməxsusluğunu qorumaq, ictimai fəallığı artırmaq və bu məkanların həyatına yeni imkanlar gətirmək. Abadlıq, yaradıcılıq və yerli təşəbbüskarlıq bir araya gələndə kəndlər yalnız yaşayış məkanı deyil, həm də insanların qürur duyduğu, ziyarət etmək istədiyi canlı mühitə çevrilir.
NƏRMİN