Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 2026-cı ilin III rübünü 352,4 milyon manat xalis mənfəətlə başa vurub.
“APA-Economics” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34.9% çoxdur.
2026-cı ilin III rübündə ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 1 milyard 362,6 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.4% çoxdur.
ABB-nin əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2025-cü ilin III rübü ilə müqayisədə 13.4% artaraq 820 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində ABB-nin mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 96,2 milyon manat olub ki, bu da 2025-cü ilin III rübü ilə müqayisədə 11,97 milyon manat çoxdur.
Bu il oktyabrın 1-nə ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2025-cü ilin sonu ilə müqayisədə 10.9% artaraq 7,9 milyard manata çatıb. Kredit portfelinin 2,2 milyard manatı istehlak kreditlərinin, 3,8 milyard manatı biznes kreditlərinin, 1,8 milyard manatı isə ipoteka kreditlərinin payına düşüb.
Bankın depozit portfeli də böyüyüb. Belə ki, ABB-nin depozit porteflinin həcmi ötən ilin sonuna nisbətən 20.4% artaraq 10,7 milyard manata çatıb. Depozit portfelinin 6,6 milyard manatını hüquqi şəxslərin, 4,1 milyard manatını isə fiziki şəxslərin əmanətləri təşkil edib.
Bankın balans kapitalı isə ötən ilin sonuna nisbətən 5.4% artaraq 2,3 milyard manata çatıb.