Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
13 dekabr 2024-cü ildə ABB-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda ABB-nin nizamnamə kapitalının artırılması və Nizamnaməsinin yeni redaksiyada təsdiqlənməsi, həmçinin Bankın törəmə innovasiya şirkətinin yaradılması məsələlərinə baxılacaq.
Ölkəmizdə ilk dəfə olaraq ABB səhmdarları gündəlikdəki məsələlər üzrə elektron qaydada səs verəcəklər.
Hər bir səhmdar 13 dekabr 2024-cü il tarixinədək şəxsi kabinetindəki “Səhmdarların Ümumi Yığıncağı” bölməsinə daxil olub elektron qaydada səsvermədə iştirak edə bilər.
Milli Depozit Mərkəzi səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə (E-vote) sistemini istifadəyə verdikdən sonra belə bir imkan yaranıb.
Səhmdarların ümumi yığıncaqlarının təşkili çərçivəsində yığıncağın keçirilmə günü, yeri və gündəlikdəki materiallarla tanışlıq qaydası barədə məlumatlar MDM tərəfindən yaradılan İnvestor Portalında elektron formada yerləşdirilir.
Səhmdarlar şəxsi kabinetlərinə daxil olaraq ümumi yığıncağın gündəliyindəki məsələlərlə tanış olur, məsələlərə münasibət bildirirlər.