Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABB-nin (“Azərbaycan Beynəlxalq Bankı” ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir.
Marja xəbər verir ki, BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatlarına əsasən, ABB səhmlərinin dəyəri 0,32–0,34 manat aralığındadır. Cari qiymət səhmin 0,27 manatlıq nominal qiymətindən orta hesabla 22% yüksəkdir. Cari ilin əvvəlindən isə ABB səhmləri təxminən 12% bahalaşıb.
Xatırladaq ki, 2024-cü ildə ABB-nin 322 milyon səhmi məhz 0,27 manatlıq nominal qiymətlə kütləvi təklif olunmuş, abunə yazılışında 33 mindən çox investor iştirak etmişdi.
Bu, Azərbaycan tarixində ilk kütləvi səhm təklifi idi.
İnvestorlar 50%-dən çox gəlir əldə ediblər
ABB ardıcıl səkkiz ildir səhmdarlarına yüksək dividend ödəyir. Bank 2025 və 2026-cı illərdə səhmdarlarına hər il 200 milyon manat dividend ödəyib. Bu, nominal qiymətlə illik 15%-dən yüksək gəlirlilik deməkdir.
2024-cü ildə səhmləri 0,27 manatdan alan investor qiymət artımı və iki dividend ödənişi hesabına ümumilikdə 50%-dən çox gəlir əldə edib.