Abbasov çətində hücumda kim oynasın? (ARAŞDIRMA)

03.09.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan futbolunda son illər hücumçu problemi yaşanır. Legioner həyatı yaşayanların məhsuldarlığı aşağıdır (Mahir Emrelinin bu mövsümkü göstəriciləri istisna –red), Misli Premyer Liqası klubları isə əcnəbi forvardlara güvənir.

Yığmanın əsas hücumçularından Renat Dadaşov artıq iki aya yaxındır, klubsuzdur. Nəriman Axundzadə MLS-də (“Kolumbus Kryu”) tab gətirmədi, indi Türkiyə Super Liqası təmsilçisi “Erzurumspor”da ehtiyat oyunçu qismindədir, gün keçirir. Bircə Mahir hələlik Polşada uğurlu seriya ilə davam edir, o da milliyə gələndə…

Ay sonu yığmanın təlim-məşq toplanışı olacaq. Bakıda Tacikistanla sınaq matçına çıxacaq komanda sonrasında Millətlər Liqasında Litva ilə üz-üzə gələcək. Baş məşqçi Ayxan Abbasovun seçimlər üçün qarşıda təxminən iki həftəlik vaxtı var. Əsas düşündürəm məqam isə mütəxəssisin hücumda kimlərə etibar edəcəyidir.

Misli Premyer Liqası klublarının heyətlərinə nəzər salsaq, demək olar ki, 90 faiz komanda irəli xətdə əcnəbilərə şans verir. Komandaların Peşəkar Futbol Liqasına çempionat oyunları üçün sifariş etdiyi hücumçular:

Araz-Naxçıvan: Mohamed Mara, Abdallah Sudi, Ağadadaş Salyanski (yerli, ehtiyat), Ülvi İsgəndərov (yerli, ehtiyat), Fərid Tağıyev (yerli, ehtiyat)
İmişli: Dioqo Almeyda, Dioqo Kardozu, Seyxan Fərəcov (yerli)
Kəpəz: Azuma Abubakar, Şahnur İsmayılov (yerli, ehtiyat)
Qarabağ: Musa Qurbanlı (yerli), Zakaria Savo, Taofiq İsmail
Qəbələ: Kərim Rossi, Ziya Şəkərxanov (yerli, ehtiyat), İsmael Akinade
Neftçi: Bassala Sambu, Lyubomir Tupta, Breno Almeyda
Sabah: Patrik Mbina, Coy-Lens Mikels
Sumqayıt: Jeam Oliveyra
Şamaxı: Uğur Cahangirov (yerli), Tornike Axvlediani
Şəfa: Luis Felipe
Turan Tovuz: İbrahima Vadji, Joarlem Santos
Zirə: Byere Lue, Eren Aydın, Davit Volkov.

12 klub, 8 hücumçu, 8-i də ehtiyat. Yalnız “Qarabağ”da Musa Qurbanlı digər forvard Zakaria Savonun zədələnməsi səbəbindən son oyunlarda əsas heyətdədir. Bu da müvəqqətidir, yeni transfer Taofiq İsmail uyğunlaşanadək.

Ayxan Abbasov heyət seçimi üçün liqa matçlarını izləyir, milli səviyyəsində oyunçu axtarışında olur. Lakin rəqəmlərdən də göründüyü kimi, Misli Premyer Liqasında milli komanda üçün yerli hücumçu yox səviyyəsindədir. Yuxarıda adları çəkilənlərdən yalnız Seyxan Fərəcov liqada üç matçda meydana çıxıb və bir qola imza atıb. Təcrübəsinə görə onun da yığmaya çağırılması real görünmür. Bəs Abbasov kimə güvənəcək?

Qol vurmayan, 3-5 dəqiqə oynayan Nərimana? Ya klubsuz qalan, böyük ehtimalla heyətə çağırılacaq Renat Dadaşova? Mahir Emreli “Rakuv”da yaxşı formada olsa da, millidə daha çox sol vinger kimi oynayır. Hücumun mərkəzində etibar ediləcək kimsə yoxdur.

Ümumiyyətlə, son 10 ilə “sayahət etdikdə” ciddi hücumçu qıtlığının olduğunu aşkar edərik. Yerli problemi bir kənara, qapıçı, müdafiəçi, yarımmüdafiəçi mövqeyi üçün seçimlər qismən var, məhdud da olsa, var, ancaq mərkəz forvardına ehtiyac zəruridir. Görünür, ya Abbasov hücumçusuz bir sistemə keçməli, ya da hardansa mərkəz forvardı tapıb, milliyə cəlb etməliyik. Mənzərə və gedişat ürəkaçan deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью