futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununda Tacikistanla qarşılaşacaq.
Komandalar bunadək iki dəfə üz-üzə gəlib və milli bu görüşlərdə qələbə qazanıb.
Bugünkü matçın da favoriti Azərbaycan yığmasıdır. Tacikistan son iki oyununu Hindistana qarşı keçirib və bir qələbə, bir heç-heçə əldə edib.
Milli üçün bu görüş Millətlər Liqası matçına hazırlıq xarakteri daşıyır. Abbasovun qarşılaşmada müxtəlif taktiki gedişləri sınaqdan keçirəcəyi ehtimal edilir. Mütəxəssis üçün nəticə yox, sərgilənən oyun daha önəmlidir. Abbasov bunu dəfələrlə oyunla bağlı danışarkən də bildirib.
Tacikistan millisi sirli qutudur. Komandaya makedoniyalı İqor Anqelovski rəhbərlik edir. Onun adı bir müddət Azərbaycan yığmasıyla hallanmış, lakin razılıq əldə edilməmişdi. 50 yaşlı mütəxəssis 4-2-3-1 taktiki sxeminə üstünlük verir. Anqelovskinin məşqçi karyerasında xal ortalaması 1.55-dir.
Azərbaycan yığması isə Ayxan Abbasovun rəhbərliyi altında 9 oyunda 3 qələbə qazanıb, 5 dəfə məğlub olub. Onun millidəki xal ortalaması 1.11-dir.
Abbasovun start heyətdə yığmanın ideal “11-liy”inə şans verəcəyi gözlənilir:
Emil Balayev, Rüfət Abbasov, Elvin Bədəlov, Rəhman Daşdəmirov, Anton Krivotsyuk, Emin Mahmudov, Aleksey İsayev, Emil Səfərov, Rüfət Abdullazadə, Mahir Emreli, Renat Dadaşov.
8-ci km stadionunda keçiriləcək Azərbaycan – Tacikistan oyununa saat 20:00-da start veriləcək.
Şahin Cəfərov