Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Azərbaycan milli komandası növbəti sınaq ərəfəsindədir. Baş məşqçi Ayxan Abbasov sentyabrın 23-də Tacikistanla keçiriləcək yoldaşlıq görüşü, həmçinin UEFA Millətlər Liqasında Litva və Lixtenşteynə qarşı baş tutacaq matçlar üçün 30 nəfərlik geniş heyət açıqlayıb. May ayındakı Avstriya toplanışı ilə müqayisədə bu seçimdə həm ciddi kadr dəyişiklikləri, həm də struktur yenilikləri diqqət çəkir.
Mərkəzdə sıx rəqabət
30 nəfərlik heyətin mövqelər üzrə bölgüsünə nəzər saldıqda baş məşqçinin mərkəz xəttinə xüsusi önəm verdiyi görünür. Ümumilikdə 3 qapıçı, 10 müdafiəçi, 13 yarımmüdafiəçi və 4 hücumçu milliyə dəvət alıb.
Çərçivəni “Zirə”dən Aydın Bayramov, “Sabah”dan Rəvan Mirzəmmədov və “Neftçi”dən Emil Balayev qoruyacaq. Müdafiə xəttində Bədavi Hüseynov, Murad Xaçayev, Cəlal Hüseynov, Anton Krivotsyuk, Rahil Məmmədov, Elvin Bədəlov, Rəhman Daşdəmirov, Toral Bayramov, Tellur Mütəllimov və Rüfət Abbasov yer alıb.
Yarımmüdafiəyə Ceyhun Nuriyev, Edqar Adilxanov, Emin Mahmudov, Fərid Yusifli, Rəhim Sadıxov, Rüfət Abdullazadə, Emil Səfərov, Abdulla Xaybullayev, Aleksey İsayev, Oruc Məmmədov, Ayxan Hüseynov, Anatoli Nuriyev və Mustafa Əhmədzadə cəlb olunub. Hücum xəttində isə xaricdə çıxış edən legionerlərlə (Vüsal İsgəndərli, Mahir Emreli və Renat Dadaşov) yanaşı, “Qarabağ”ın forvardı Musa Qurbanlının olması rəqabəti xeyli artırır. Siyahıda xüsusilə orta sahə oyunçularının üstünlük təşkil etməsi Ayxan Abbasovun mərkəz xəttini dinamik tutmaq, rotasiya imkanlarını genişləndirmək və topa nəzarəti əldə etmək istədiyini göstərir.
Gəncləşmə dalğası
Heyətdə ən diqqətçəkən məqam U-21 millimizin şərəfini qoruyan dörd gənc futbolçunun ilk dəfə əsas komandaya çağırılmasıdır. Abbasov daxili çempionatda seçilən gənclərə şans verməkdən çəkinmədiyini bir daha bəlli edib.
Cari mövsümün açılış matçında “Kəpəz”ə 2:0, sentyabrın 14-də isə “Şəfa”ya 3:0 hesabı ilə qalib gəldikləri səfər görüşündə qapını toxunulmaz saxlayan Rəvan Mirzəmmədov MPL-in ilk beş turundan sonra iki “quru” oyun keçirən 7 qolkiperdən biridir. Çərçivəyə gələn zərbələrdən 4 seyv edən gənc qapıçı bu göstərici ilə Aydın Bayramov (“Zirə”) və Stas Pokatilovla (“Sabah”) eyni pillədə yer alır.
Karyerasına “Neftçi” akademiyasında başlayıb, daha sonra “İnter”ə (indiki “Şamaxı”) keçən Edqar Adilxanov 2023-cü ildən “şirlər”in əsas heyətinə yüksəlib. Həmin mövsüm I Liqa çempionluğu yaşayan Edqar qısa müddətdə MPL-də komandanın aparıcı fiquruna çevrilib. O, 2024/25 mövsümündə 27 oyunda 3 qol və 1 assist, 2025/26 sezonunda 28 oyunda 2 qol müəllifi olub. Cari çempionatda isə şans qazandığı bütün qarşılaşmalarda artıq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Peşəkar futbola “Səbail”də başlayan Oruc Məmmədov “Şamaxı”ya keçdikdən sonra əsas heyətdə sabit yer tutub, hazırkı turnirdə komandasının dəyişilməz fiquruna çevrilib. İlk dəfə “Neftçi”də şans qazanan Fərid Yusifli isə 2023/24 mövsümünə qədər “ağ-qaralar”ın heyətində 38 matça çıxıb, ardından transfer olunduğu “Turan Tovuz”da 36 oyun keçirib və 2 assist edib. Cari mövsümdən “Şəfa”nın formasını geyinən yarımmüdafiəçi keçirilən 5 oyunun hamısında meydanda olub.
Kimlər getdi, kimlər gəldi?
May ayında Avstriyada təşkil olunan toplanışla müqayisədə heyətdə köklü dəyişikliklər gözəçarpandır. Qapıçılar Rza Cəfərov və Şahruddin Məhəmmədəliyev bu dəfə siyahıdan kənarda qalıblar. Həmçinin Qismət Alıyev, Elvin Cəfərquliyev, Səbuhi Abdullazadə, Rüstəm Əhmədzadə, Xəyal Əliyev və Nəriman Axundzadəyə də dəvət göndərilməyib. Onların əvəzinə qapıda Rəvan Mirzəmmədov, müdafiədə Murad Xaçayev və Rəhman Daşdəmirov, yarımmüdafiədə Ceyhun Nuriyev, Edqar Adilxanov, Fərid Yusifli, Oruc Məmmədov, hücumda isə klubunu dəyişən və ya formaya düşən legionerlər heyətə cəlb ediliblər.
Avstriya toplanışında Malta kimi rəqibə 0:2 uduzan, San Marino üzərində isə çətinliklə qələbə qazanan millimizin oyunu ciddi tənqidlərə tuş gəlmişdi. Ayxan Abbasovun bu dəfə 30 nəfərlik geniş heyət seçməsi və dörd U-21 üzvünə şans verməsi təsadüfi deyil. Emin Mahmudov və Aleksey İsayev kimi təcrübəli oyunçuların yanına gənclərin gətirilməsi mərkəzdəki axsamaları aradan qaldırmağa hesablanıb. Şahruddin Məhəmmədəliyevin yoxluğunda Rəvanın milliyə dəvət edilməsi gələcəyə hesablanmış addımdır.
Sentyabrın 23-dən oktyabrın 4-dək keçiriləcək dörd ağır qarşılaşma yüksək dözümlülük tələb edir. Bu baxımdan heyətin genişliyi oyunlararası fiziki yükü bərabər paylamağa imkan verəcək. Şübhəsiz ki, baş məşqçi köhnə sxemlərlə kifayətlənmək istəmir və daxili çempionatda formada olan gənclərə güvənməklə millidə rəqabət mühitini canlandırmağı hədəfləyir.
Ayxan Zayıdzadə