Abdulla Qurbani: Hərbi paradda yeniliklər olacaq

08.11.2025

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hərbi parad hər dövlətin gücünü, qüdrətini və nəyə qadir olduğunu, ölkənin təhlükəsizliyinin qorunmasını nümayiş etdirən tədbir növüdür. Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi parada böyük ruh yüksəkliyi ilə gedirik”.

Bunu AZƏRTAC-a müsahibəsində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani deyib.

Son yeddi paradın aparıcısı və ssenari müəllifi olmuş A.Qurbani Azərbaycanda ilk hərbi paradın Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il sentyabrın 15-də Bakı şəhərində, müstəqilliyimizin bərpasından sonra isə ilk hərbi paradın 1992-ci il oktyabrın 9-da keçirildiyini xatırladıb. O, Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə keçirilən hərbi paradın əvvəlkilərdən fərqli olacağını diqqətə çatdırıb: “Azərbaycanda indiyədək keçirilən paradlardan fərqli olaraq Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə keçirilən hərbi paradda yeniliklər olacaq.

Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı, əməkdaşlığı inkişaf edən xətlə irəliləyir. Bu üç qardaşın bir yerdə olması Azərbaycanın siyasətinin möhtəşəm nəticəsidir. Bizim hərbi qulluqçularımız üç qardaş timsalında hərbi təlimlərə qoşulur, bir-birimizin təcrübəsindən bəhrələnirik.

Paradda modernləşdirilmiş texnikalar, Azərbaycanın müdafiə sənayesinin istehsalı olan yeni silahlar, Silahlı Qüvvələrin arsenalına yeni daxil olan silah nümunələri nümayiş etdiriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью