ABŞ Asiya Sakit okean regionunda hərbi çəkindirmə xətti quracaq

11.08.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ Asiya-Sakit okean regionunda hərbi mövcudluğunu genişləndirmək və mümkün təhdidlərin qarşısını almaq üçün yeni hərbi infrastruktur qurmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi Filippinə səfəri zamanı bildirib. Onun sözlərini Pentaqon yayıb.

Kolbinin sözlərinə görə, ABŞ regiondakı hərbi iştirakını artırır və tərəfdaş ölkələrə silah tədarükünü genişləndirir. Vaşinqtonun əsas məqsədlərindən biri Malayziyadan Yaponiyaya qədər uzanan “ilk ada zənciri” boyunca güclü və dayanıqlı müdafiə sistemi yaratmaqdır.

ABŞ rəsmisi bildirib ki, Vaşinqton regiondakı tərəfdaşları ilə birlikdə hərbi qüvvələrin ən vacib hesab edilən ərazilərdə daha sürətli yerləşdirilməsinə imkan verən infrastruktur yaratmaq istəyir. Bunun üçün Sakit okeanın qərb hissəsində əlavə hərbi qüvvə və avadanlıqların əvvəlcədən yerləşdirilməsi də nəzərdə tutulur.

Kolbi vurğulayıb ki, ABŞ Asiyanı tərk etmək niyyətində deyil. Bununla yanaşı, Vaşinqton regiondakı müttəfiqlərinin öz müdafiələrinə daha çox məsuliyyət daşımasını istəyir. Onun sözlərinə görə, ABŞ tərəfdaş ölkələrlə əməkdaşlıqdan imtina etmir və “himayə olunan ölkələr deyil, tərəfdaşlar” axtarır.

Pentaqon artıq Filippinlə birgə infrastruktur layihələrinə sərmayə qoyur. Dörd patrul kateri ölkənin sahil mühafizəsi ilə birgə fəaliyyət göstərir. ABŞ həmçinin Tailand, Vyetnam, Malayziya və Sinqapurla əməkdaşlığı gücləndirir.

Kolbinin regiona səfəri çərçivəsində İndoneziya, Tailand və Kamboca da daxil olmaqla digər ölkələrə getməsi gözlənilir.

ABŞ-ın ötən ilin dekabrında yayımlanan Milli Müdafiə Strategiyasında Asiya-Sakit okean regionunun XXI əsrdə əsas geosiyasi və iqtisadi rəqabət meydanlarından biri olacağı bildirilir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью