Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qlobal bazarlarda qiymətləri aşağı salmaq məqsədilə ABŞ Fransa və Almaniyadan fövqəladə ehtiyatlardan dizel yanacağını dövriyyəyə buraxmağı tələb edir. Əks təqdirdə, Vaşinqton bu yanacağın ixracına qadağa qoyacağını bildirir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrdən birinin məlumatına görə, Birləşmiş Ştatlar Avropa İttifaqının yaxın altı ay ərzində öz ehtiyatlarından 120 milyon barel dizel çıxarmasını istəyir. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp, daxili bazarda qiymət artımı ilə əlaqədar olaraq dizel yanacağının ixracına qadağa qoyulması məsələsini Vaşinqtonun ciddi şəkildə düşündüyünü vurğulamışdı.
Qeyd olunur ki, ABŞ-dən dizel ixracının dayandırılması Avropada bu məhsulun qiymətinin misli görünməmiş səviyyəyə qalxmasına səbəb ola bilər. Mütəxəssislərin hesablamalarına əsasən, son aylar Avropaya idxal olunan dizelin təqribən yarısı ABŞ-nin payına düşüb. Bununla belə, Avropadakı neft treyderlərinin əksəriyyəti Vaşinqtonun belə bir qadağa tətbiq edəcəyinə şübhə ilə yanaşırlar, çünki bu addım Amerika neft şirkətləri üçün də ciddi problemlər yaradacaq.