ABŞ Azərbaycan əlaqələri: münasibətlərin inkişafında mühüm mərhələ

28.01.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevralda Azərbaycana səfəri gözlənilir.

Bildirək ki, Prezident İlham Əliyevin ötən ilin avqustunda ABŞ-yə səfəri ABŞ-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfə oldu. Səfərdə Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında vacib sənəd – Anlaşma Memorandumu imzalandı.

ABŞ-nin vitse-prezidentinin fevralda Azərbaycana səfəri zamanı strateji tərəfdaşlıq haqqında razılaşmanın imzalanması ehtimal olunur.

“Xalq Cəbhəsi” deputat və politoloqların sözügedən səfər haqqında fikirlərini öyrənib.

Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Nizamnaməsinin hazırlanması ilə bağlı İşçi Qrupunun yaradılması haqqında sənəd imzalandıqdan sonra ABŞ və Azərbaycan şirkətləri arasında əməkdaşlıq daha da intensiv xarakter alıb: “Davosda cənab Prezident İlham Əliyev bildirdi ki, strateji tərəfdaşlıq xartiyasını artıq yekunlaşdırmaq üzrəyik və bunun növbəti ay baş tutacağının proqnozunu da verdi. Ardınca ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevralda Azərbaycana gəlməsi ondan xəbər verir ki, deməli, məsələlər müəyyənləşdirilmiş qrafik üzrə həyata keçirilir və vaxt itirmədən baş tutmalıdır. Bu gün Azərbaycanla ABŞ arasında məlumat mərkəzləri, süni intellekt, bağlantı, enerji və bir çox istiqamət üzrə məsələlər həmin bu xartiyada öz əksini tapır. Həllini gözləyən layihələr var. Azərbaycandan dörd nümayəndə heyətinin ABŞ-yə səfərindən sonra əldə edilən nəticələr də olduqca müsbətdir”.

“Münasibətlər yeni mərhələyə qədəm qoyur”

A.Hüseynov ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb: “Hətta tərəflər müdafiə sahəsində də əməkdaşlıq edirlər. Sözügedən istiqamət və amillər ABŞ-dən Azərbaycana birbaşa sərmayə qoymaqda böyük perspektivlər vəd edir. Bu gün Azərbaycan region ölkələrinə və beynəlxalq tərəfdaşlara əməkdaşlıq imkanları təqdim edir. Düşünürəm ki, həmin bu əməkdaşlıq imkanları konstruktiv baxımdan dəyərləndirilərsə, o zaman burada uduzan tərəf olmayacaq. Buna görə də Davosda Azərbaycan Lideri Avropa tərəfdaşlarını da bu məsələlərə çağırdı, onların bu istiqamətlərdən geri qalmayacaqlarına ümidini ifadə etdi. Azərbaycan məhz bu əməkdaşlıq imkanlarını daha da artırmaqla həm də bir-biri ilə barışmaz mövqedə dayanan aktorlar arasında körpü rolunu oynayır və uzlaşdırıcı aktor qismində çıxış edir”.

“Bu sənəd imzalana bilər”

Politoloq Əli Mustafa söyləyib ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana və Ermənistana səfəri ilə bağlı məlumatlar var, Ermənistanda süni intellekt və informasiya texnologiyaları ilə bağlı hansısa sazişlərin imzalanması və yaxud 3 milyardlıq investisiya qoyulması ilə bağlı razılıqların olacağı deyilir: “Azərbaycanda isə müzakirə ediləcək məsələlər böyük ehtimalla strateji tərəfdaşlıq haqqında razılaşmanın imzalanması ola bilər. Avqustun 8-də Vaşinqtonda belə bir sənəd imzalandı ki, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıqla bağlı sənədin hazırlanması üçün məsləhət qrupu və s. yaradılsın. Səhv etmirəmsə, bu, altı ay ərzində hazırlanmalı idi. İndi demək olar ki, həmin müddət artıq başa çatır və mümkündür ki, o sənəd artıq hazırdır. Yəni böyük ehtimal Vensin Azərbaycana səfərində bu sənəd imzalana bilər”.

“Səfər ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətini ortaya qoyur”

Ə.Mustafa əlavə edib ki, amma bundan başqa bu səfərin əhəmiyyəti həm də odur ki, ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətini ortaya qoyur: “Ümumiyyətlə, ABŞ-nin regiona, Azərbaycan və Ermənistana xüsusi əhəmiyyət verdiyi məsələ gündəmə gəlir. Bu isə bölgənin, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını təsdiq edən bir məqamdır. Lakin həm də Azərbaycanın təhlükəsizliyi üçün əhəmiyyətli bir məsələdir. Yəni biz artıq ABŞ kimi ciddi bir dövlətin tərəfdaşı və dostu olaraq həm də müəyyən bir təhlükəsizlik çətirinin təminatı ilə təmin olunuruq. Bütün hallarda bu, əlbəttə, çox önəmli bir məsələdir və faydalı bir səfərdir”.

Politoloq həmçinin deyib ki, bu səfər regionun rolu, əhəmiyyəti və ABŞ-nin, bölgə dövlətlərinin Azərbaycana yeni dünya düzənində və bizim bölgədə tanıyacağı imkanlar, fürsətlər baxımından da əhəmiyyətlidir.

“ABŞ vəziyyətin nə qədər ciddi olduğunu anlayıb”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə səfəri barədə ABŞ Prezidenti bəyanat verib: “Səfərdə əsas məqsəd sülh prosesinin davam etdirilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Sülh prosesinin davam etməsi üçünsə mütləq Ermənistanda Paşinyanın parlament seçkilərində qalib gəlməsinə ehtiyac var. Görünür, ABŞ vəziyyətin nə qədər ciddi olduğunu anlayıb, müəyyən addımlar atmaq istəyir, əks halda, seçkilərdə rusiyayönümlü qüvvələrin qalib gəlmək şansı var”.

Münasibətlərin gələcək inkişafında mühüm mərhələ

A.Səmədovun sözlərinə görə, Vensin Azərbaycana səfəri ilə bağlı əsas məqsəd təbiidir ki, strateji tərəfdaşlıq sənədinin hazırlanması ilə bağlı olacaq: “Eyni zamanda, Tramp onu da bəyan edib ki, səfər zamanı ABŞ-dən yarımkeçiricilər və hərbi texnikanın alınması məsələsi də müzakirə olunacaq. Təbiidir ki, bu, münasibətlərimizin gələcək inkişafında mühüm mərhələ olacaq”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью