Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 27 yanvar, Tamilla Məmmədova, AZƏRTAC
Son illər Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Azərbaycan arasında münasibətlərdə əməkdaşlığın dərinləşdirilməsinə qarşılıqlı marağı göstərən ümidverici siqnallar formalaşıb.
Bunu AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında amerikalı politoloq Ceyson Epstayn söyləyib.
Onun sözlərinə görə, mühüm siyasi, iqtisadi və strateji potensiala malik olan Azərbaycan Cənubi Qafqazda ABŞ-ın əsas tərəfdaşı olaraq qalır.
Amerika Xarici Siyasət Şurasının eksperti İlon Bermanın fikrinə istinad edən Epstayn vurğulayıb ki, Tramp administrasiyasının milli təhlükəsizlik strategiyasında Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının qeyd olunmaması real vəziyyətin əksi deyil, daha çox yol verilmiş boşluq kimi qiymətləndirilməlidir. Praktikada region, ilk növbədə isə Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında, regional sabitliyin möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsində mühüm rol oynamaqda davam edir.
Epstaynın fikrincə, 1992-ci il Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişin qüvvədə saxlanılması ABŞ–Azərbaycan münasibətlərinin mövcud səviyyəsinə və ruhuna uyğun gəlmir. Həmin düzəlişin tətbiqi hər il dayandırılsa da, onun mövcudluq faktı köhnəlmiş və daha çox simvolik xarakter daşıyır və Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş kimi strateji əhəmiyyətinə cavab vermir.