ABŞ, Azərbaycan və Ermənistan: Birgə Bəyanata dair 3 məqam

12.08.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tərəflərin sülh mesajı və məsuliyyət yükü

ABŞ, Azərbaycan və Ermənistanın 2025-ci ildə Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanatı son dərəcə vacib sənəddir. Bəri başdan deyək ki, yazıda bu fikri sübuta yetirəcək 3 məqamın üzərində dayanacağıq.

Birinci məqam. Bəyanatda xüsusi olaraq vurğulanır ki, “birinci ildönümdə ölkələrimizin birlikdə əldə etdiyi nailiyyətlərə görə dərin qürur hissi keçirir və onilliklər boyu davam etmiş münaqişəyə son qoyan, Cənubi Qafqazı daha firavan gələcəyə doğru aparan bu təməl üzərində irəliləmək əzmindəyik”.

Hesab edirik ki, belə bir fikrin ifadə olunması bəyanatın ən mühüm və konseptual hissələrindən biridir. Çünki burada yalnız 2025-ci il avqustun 8-də reallaşmış Vaşinqton görüşünün nəticələri xatırlanmır, eyni zamanda, Azərbaycan–Ermənistan münasibətlərinin və bütövlükdə, Cənubi Qafqazın siyasi gələcəyinə dair yeni narrativ formalaşdırılır.

Xüsusən, “ölkələrimizin birlikdə əldə etdiyi nailiyyətlər” ifadəsində mühüm siyasi məna var. Yəni Bakının, İrəvanın və Vaşinqtonun ayrı-ayrılıqda gördüyü işlərin deyil, üçtərəfli siyasi əməkdaşlığın nəticəsi ön plana daşınır. Nəzərə alaq ki, bəyanatda sərhəddə sabitlik, kommunikasiyaların inkişafı, TRIPP layihəsinin reallaşması, enerji və nəqliyyat infrastrukturu, ticarət, telekommunikasiya, ABŞ-ın investisiya təşəbbüsləri və Minsk qrupunun ləğvi bir illik nəticələr kimi sadalanır. Deməli, sülh yalnız müharibənin olmaması deyil, həm də iqtisadi, nəqliyyat, enerji və siyasi əlaqələrin qurulmasıdır.

Göründüyü kimi, bəyanatda 1990-cı illərdən etibarən mövcud olmuş münaqişə nizamının başa çatdığını bildirən siyasi formul əsas götürülür. Axı bir il əvvəl imzalanmış Birgə Bəyannamədə tərəflər keçmiş münaqişənin yaratdığı düşmənçilik səhifəsinin bağlanmasına, ərazi əldə etmək üçün gücdən istifadənin yolverilməzliyinə və gələcəkdə revanş cəhdlərinin rədd edilməsinə dair mövqe ortaya qoymuşdular.

2026-cı ilin Birgə Bəyanatı həmin müddəanı daha da irəliyə apararaq, münaqişəyə son qoyulduğunu siyasi fakt kimi təqdim edir. Bu təqdimat son dərəcə vacibdir və beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Mesaj təxminən belədir: 2025-ci ildə söhbət sülh üçün yaradılmış siyasi əsasdan gedirdisə, 2026-cı ildə həmin əsas münaqişədən sonrakı reallıqdır. Yəni Vaşinqtonda əldə olunmuş razılaşmalar yeni danışıqların başlanğıc nöqtəsi deyil, bundan sonrakı regional siyasətin bazasıdır. Başqa sözlə desək, Vaşinqton modeli “müharibədən sülhə” keçiddən “sülhdən əməkdaşlığa” keçidə çevrilir.

İkinci məqam. Bəyanatda bildirilir ki, “Birgə Bəyannamə ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan üçün sülhün möhkəmləndirilməsi, rifahın təmin edilməsi və tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində konkret yol xəritəsi müəyyən edib. Cəsarətli liderlərin bir araya gəlməsindən ötən bir il ərzində bu ölkələr davamlı uğurların təmin edilməsi üçün təməl işlər görüblər”.

Bu ifadə Birgə Bəyanatın əvvəlki hissəsində səslənən “münaqişəyə son qoyan təməl” tezisini tamamlayır, əsas diqqət sülhün elan edilməsindən onun institusionallaşdırılmasına, daha doğrusu, siyasi razılaşmanın konkret iqtisadi, nəqliyyat, texnoloji və strateji layihələrə çevrilməsinə yönəldilir. Nəzərə alaq ki, ötən il avqustun 8-də Ağ Evdə keçirilmiş sammitdə məhz sülhün iqtisadi və regional əməkdaşlıqla tamamlanması ideyası önə çəkilmişdi.

“Konkret yol xəritəsi”nə gəlincə, diplomatik sənədlərdə bu ifadə təsadüfi seçilmir, müəyyən siyasi məqsədin hansı istiqamətlər üzrə və hansı mexanizmlərlə həyata keçiriləcəyini nəzərdə tutur. İndiki halda üç əsas istiqamət müəyyənləşdirilir ki, söhbət sülh, rifah və tərəfdaşlıqdan gedir və bu üç anlayış bir-birindən ayrı deyil.

Əgər sülh sadə insanların həyatında iqtisadi üstünlüklər yaratmırsa, onun sosial dayaqları zəif qala bilər. Ona görə də mahiyyət üzrə hərəkət edilməlidir. Mahiyyət isə sadəcə Azərbaycanla Ermənistan arasında yolun açılması məntiqini rəhbər tutmur. Söhbət Azərbaycan – Ermənistan – Naxçıvan – Türkiyə – daha geniş Avrasiya nəqliyyat məkanı arasında yeni bağlantının yaradılmasından gedir. Nəticə etibarilə sülhün coğrafiyası iqtisadiyyatın coğrafiyasına çevrilir. İqtisadiyyatın coğrafiyasının geniş götürülməsi isə tərəfdaşlıq amilini doğurur. Hesab edirik ki, iqtibasdakı, ümumən bəyanatdakı “tərəfdaşlıq” anlayışı məhz bu baxımdan diqqətəlayiqdir.

Axı Azərbaycan və Ermənistan həmişə qarşı-qarşıya dayanıb. İndi məqsəd onların, sadəcə, düşmən olmayan dövlətlər yox, müəyyən məsələlərdə qarşılıqlı maraqlara malik tərəfdaşlara çevrilməsidir. Bu, daha yüksək mərhələdir. Nəzərə alaq ki, düşmənçilikdən neytrallığa keçmək bir şeydir, neytrallıqdan əməkdaşlığa keçmək başqa bir şey. Əməkdaşlıqdan tərəfdaşlığa keçmək isə artıq regional siyasi arxitekturanın dəyişməsi deməkdir. Bu mənada, hazırkı bəyanatın dili olduqca maraqlıdır. Həm də ona görə maraqlıdır ki, sənəddə sülh son məqsəd kimi deyil, tərəfdaşlığın başlanğıcı kimi vurğulanır. Bütün bunlar isə cəsarət tələb edir.

Deməli, “cəsarətli liderlərin bir araya gəlməsindən ötən bir il ərzində” ifadəsi də təsadüfi deyil. Yəni sülh prosesinin nəticəsi yalnız institusional mexanizmlərdə izahını tapmır, həmçinin, siyasi liderliyin rolu xüsusi vurğulanır. Başqa sözlə desək, onilliklər boyu həll olunmayan münaqişənin yalnız siyasi iradə ilə yeni mərhələyə keçirməyin mümkünlüyü bildirilir, dolayısıyla qeyd edilir ki, diplomatik mexanizmlər sülh üçün vasitə olsalar da, siyasi qərar olmadan həmin mexanizmlər nəticə doğurmur. Bir il əvvəlki Vaşinqton görüşünün əsas xüsusiyyəti də məhz bu idi ki, üç ölkənin liderləri sülhü yalnız müzakirə etmədilər, cəsarət göstərib onu konkret sənədlərlə, iqtisadi razılaşmalar və regional layihələrlə əlaqələndirdilər. Hesab edirik ki, məhz bu məqam özündə ibrət yükünü daşıyır. Yəni region xalqlarının gələcək nəsilləri indiki durumdan nümunə götürməlidirlər. Əlbəttə ki, tarixdən dərs çıxarılması da vacibdir. Onu da nəzərə alaq ki, hazırda yaşadığımız coğrafiyada baş verənlər özlüyündə bir tarixdir.

Üçüncü məqam. Birgə Bəyanatda vurğulanır ki, “Ermənistan və Azərbaycan Ermənistan–Azərbaycan sərhədi boyunca sabitliyi qoruyub saxlayıb və hər iki tərəf münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və davamlı sabitliyin təmin edilməsi üçün zəruri tədbirlər vasitəsilə etimadın gücləndirilməsi istiqamətində konkret addımlar atmaqdadırlar”.

Hesab edirik ki, bu fikir Birgə Bəyanatın ən praktik müddəalarındandır. Çünki Vaşinqtonda əldə edilmiş siyasi razılaşmanın bir il sonra sərhəddə real təhlükəsizlik davranışına çevrildiyi vurğulanır. Yəni diplomatik masada yaranmış iradə artıq Ermənistan–Azərbaycan sərhədində yeni reallıq formalaşdırmağa başlayıb. Axı davamlı sülhün ilk şərti onun sərhəddə özünü göstərməsidir.

Nəzərə alaq ki, sabitlik, delimitasiya, etimad və normallaşma anlayışlarının ön plana çəkilməsi, sadəcə, siyasi leksikonun dəyişməsi yox, sərhədin funksiyasının dəyişməsidir. O, artıq iki düşmən arasında müharibənin başlanacağı xətt kimi deyil, iki dövlətin münasibətlərinin hüquqi və siyasi qaydalarla tənzimlənəcəyi məkan kimi nəzərdən keçirilir. Mövcud dəyişiklik davamlı sülh üçün fundamental əhəmiyyət daşıyır. Fundamentallıq isə özündə sülh naminə məsuliyyəti birləşdirir.

Bəli, məhz məsuliyyətli davranış sülhü özünü qoruyan sistemə çevirməlidir ki, Birgə Bəyanatın müxtəlif müddəalarında məsələnin institsional tərəfləri göstərilir. Deməli, qalır öhdəliklərin bundan sonra da dəqiq və qüsursuz şəkildə yerinə yetirilməsi. Ümid edək ki, Azərbaycan–Ermənistan münasibətlərində bundan sonra yaşananlar da Birgə Bəyanatın ifadə etdiyi nikbinlik ruhunu daşıyacaq.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью