“ABŞ Azərbaycanı əhəmiyyətli dövlət kimi görür” Deputat

11.02.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanla ABŞ arasında münasibətlər yüksələn xətlə inkişaf edir. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri bu münasibətlərdə irəliləyişin bir təzahürüdür”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Rasim Musabəyov ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfərini şərh edərkən bildirib.

Deputat deyib ki, Birləşmiş Ştatların ikinci şəxsi təbii ki, Prezident Tramp tərəfindən səfərə göndərilib. Məqsəd Azərbaycan-Ermənistan münasibətlərini qaydaya salmaqla bağlı səylər göstərmək və Azərbaycan-ABŞ ikitərəfli münasibətlərnin inkişafıdır.

Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasına diqqət çəkən R.Musabəyov deyib ki, bu, çərçivə sənədidir, ondan irəli gələn öhdəlikləri yerinə yetirməklə bağlı  İşçi Qrupları yaradılacaq.

“ABŞ super dövlətdir, İranla bağlı da xeyli gərginlik mövcuddur, belə olan halda birinci əldən vəziyyətlə bağlı məlumat almaq, öz fikrini də çatdırmaq çox vacib idi”, - deputat söyləyib.

R.Musabəyov bildirib ki, ABŞ Azərbaycanı əhəmiyyətli dövlət kimi görür: “Biz indi təkcə ABŞ-ın dəstəyinə, yardımına ehtiyac duyan dövlət deyilik, həm də töhfə verən dövlətik. Vens Bakıda Əfqanıstanı sadəcə olaraq yada salmadı, bunu Azərbaycanın töhfə verən bir dövlət olduğuna dair nümunə kimi dilə gətirdi. İndi Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya yol açan Orta Dəhliz ABŞ üçün əhəmiyyətlidir. O, nadir metallardan, əhəmiyyətli kritik metallardan danışdı, dünyada 45 faiz uranı Qazaxıstan istehsal edir, onu daşımaq təkcə hava yolu ilə mümkün deyil ki, gərək bunu yerlə də edəsən, bu da Azərbaycansız mümkün deyil, çünki Rusiya və İran istisna təşkil edir. Vens Əfqanıstanı ona görə dilə gətirildi ki, Azərbaycan fayda verən dövlət kimi nəzərdədir”.

Xatırladaq ki, Vens mətbuata birgə bəyanatda bildirib ki, azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldu. Onlar dünya səviyyəsində terrorçuluqla aparılan mübarizəyə çox böyük dəstək verdilər. Onlar ABŞ-ın hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən yerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar.

Azərbaycan-Ermənistan sülh prosesinə toxunan deputat bildirib ki, istisna deyil ki, ABŞ bu ay Vaşinqtonda keçiriləcək Sülh Şurasının birinci iclasında sülh sazişinin imzalanmasını istəyir:

“Mən istisna etmirəm ki, bu, baş tuta bilər. Saziş imzalamaq nöqtə qoymaq demək deyil. Hələ onun ratifikasiya prosesi var. Vaxtilə Sürixdə Türkiyə ilə Ermənistan arasında sənədlər imzalanmışdı, amma heç nə olmadı. Mənim düşüncəmə görə, imzalanma baş tuta bilər. Nəzərə alsaq ki, bizim ikitərəfli münasibətlərimizdə müsbət dəyişiklik var, Minsk qrupu bağlandı, TRİPP-lə bağlı müsbət qərarlar verilir, yeni konstitusiyanın mətni mart ayında dərc olunacaq ki, orda Azəbaycana qarşı ərazi iddiaları ilə bağlı istinadlar olmayacaq. Düşünürəm ki, bunların hamısını nəzərə alaraq, sənəd imzalana bilər”.

İran məsələsində Azərbaycanın roluna gəlincə, deputata görə, söhbət ondan getmir ki, Bakı bu məsələdə hansısa şəkildə vasitəçilik edəcək:

“Azərbaycan üçün nə olacağını bilmək vacibdir. Biz qonşu dövlətik, bunun fəsadları bizə də toxunacaq, ən azı nəqliyyatın işi pozulacaq,  hansı ki, bu gün Körfəzlə bizim nəqliyyatımız İran vasitəsilə həyata keçirilir. Düşünürəm ki, müzakirələr zamanı bu mövzu kənarda qalmayıb”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью