ABŞ Britaniyanı Folklend adaları ilə bağlı mövqeyini dəyişməklə hədələyib

29.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

ABŞ Britaniyanı müdafiə xərclərini artırmağa məcbur etmək üçün Folklend adalarının suverenliyi məsələsində mövqeyini yenidən nəzərdən keçirə bilər.

Bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Pentaqon rəsmiləri Londona bildiriblər ki, Böyük Britaniya hərbi xərclərini əhəmiyyətli dərəcədə artırmalıdır. Əks halda, London ABŞ-ın Folklend adaları üzərində Britaniya suverenliyinə verdiyi dəstəyi itirmək riski ilə üzləşə bilər.

Bu addımın Vaşinqtonun NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa sövq etmək üçün nəzərdən keçirdiyi tədbirlərdən biri olduğu bildirilir.

ABŞ NATO ölkələrinin müdafiə xərclərini artırmasını tələb edir və uzunmüddətli perspektivdə müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılmasını istəyir. Pentaqon son günlər Avropadakı NATO müttəfiqlərinin üzərinə daha böyük müdafiə məsuliyyəti götürməsini də tələb edib.

Folklend adaları üzərində suverenlik uzun illərdir Britaniya ilə Argentina arasında mübahisə mövzusudur. 1982-ci ildə iki ölkə arasında bu ərazi uğrunda müharibə baş vermişdi.

ABŞ-ın Britaniyanın adalar üzərindəki suverenliyinə münasibətinin dəyişdirilməsi ilə bağlı məsələ daha əvvəl də gündəmə gəlib. Apreldə Reuters Pentaqonun daxili yazışmalarında belə bir variantın müzakirə edildiyini bildirmişdi.

Beləliklə, Vaşinqtonun son addımı NATO daxilində müdafiə xərclərinin bölüşdürülməsi ilə bağlı təzyiqlərin artıq yalnız maliyyə məsələsi olmadığını və bəzi strateji məsələlərin də danışıqlar vasitəsinə çevrilə biləcəyini göstərir.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью