Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Tərəflər bir sıra məsələlərdə konsensusa gəliblər
ABŞ Prezidenti Donald Trampın Çinə səfəri beynəlxalq mediada geniş rezonans doğurub. Həm ABŞ, həm də Çin mediası səfəri müxtəlif prizmalardan təqdim edirlər. Amerika mənbələri əsasən geosiyasi risklər, iqtisadi balans üzərində fokuslanırsa, Çin mediası səfəri tarixi dönüş nöqtəsi və strateji sabitləşmə kimi qələmə verir.
“The Wall Street Journal” qeyd edib ki, görüşlərin gündəliyindəki əsas mövzu Çin bazarının ABŞ şirkətləri üçün açılması, kənd təsərrüfatı məhsullarının idxalı və yeni investisiya mexanizmləri olub. Nəşrin məlumatına görə, Vaşinqton Pekindən daha çox Amerika məhsulu almasını istəyir.
“The Washington Post” sammiti ABŞ və Çinin bərabər supergüc nümayişi adlandırıb. Qəzet yazıb ki, Pekin görüşün simvolikasından istifadə edərək Çinin artıq Vaşinqtonla eyni səviyyədə qlobal güc olduğunu göstərib. Nəşr, eyni zamanda “G-2” ritorikasının Asiya müttəfiqlərində narahatlıq yaratdığını vurğulayıb.
“Reuters” qeyd edib ki, ABŞ maliyyə naziri Skott Bessent Çinə səfəri zamanı böyük həcmdə “Boeing” təyyarələrinin alınması barədə razılaşma gözlədiklərini bildirib. Agentlik yazıb ki, Vaşinqton Çinlə ticarət balansını ixracın artırılması hesabına dəyişmək istəyir.
“Associated Press” yazıb ki, tərəflər münasibətləri sabitləşdirmək barədə danışsalar da, Tayvan, İran və texnologiya müharibəsi kimi əsas ziddiyyətlər hələ də qalmaqdadır. Agentliyin məlumatına görə, görüşlərdə yumşaq diplomatik atmosfer yaradılıb, lakin strateji fikir ayrılıqları aradan qalxmayıb.
“CNN” və digər media platformalarında əsas diqqət Trampın Çin investisiyalarına açıq mesajlar verməsinə yönəlib. ABŞ mediasında bunun Amerika daxilində siyasi mübahisələr doğura biləcəyi vurğulanır.
Çinin rəsmi mediası səfəri “tarixi və simvolik hadisə” adlandırıb.
“Sinxua” agentliyi yazıb ki, Pekində keçirilən yüksək səviyyəli görüşdə ABŞ və Çin dünyanın ən böyük iki iqtisadi gücü kimi təqdim olunub. Liderlər qlobal problemlərin həllində birgə məsuliyyət daşıdıqlarını və dialoqu davam etdirməyin vacibliyini qeyd ediblər.
“Global Times” yazıb ki, Vaşinqton və Pekin arasında strateji rəqabət davam etsə də, tərəflər idarə olunan əməkdaşlıq modelinə yaxınlaşır. Qəzetə görə, iqtisadi sabitlik və ticarət balansı iki ölkə arasında əsas gündəm olaraq qalır.
“CCTV” və digər dövlət resurslarında Trampın Pekində yüksək səviyyəli qarşılanması, Tyan Tan məbədinə səfəri və Çjunnanhay iqamətgahındakı görüşlər xüsusi vurğulanıb.
“Zaobao” yazıb ki, Tramp və Si Cinpin İran məsələsində oxşar mövqe nümayiş etdiriblər və Hörmüz boğazında sabitliyin qorunmasını müzakirə ediblər. Çin mediası xüsusilə Trampın “çox yaxşı ticarət razılaşmaları əldə etdik” açıqlamasını ön plana çıxarıb.
Çin dilində yayımlanan “Voice of America Chinese” qeyd edib ki, Tramp Çjunnanhayda keçirilən görüşlər zamanı ABŞ və Çin arasında İran məsələsində ciddi yaxınlaşma olub.
Yeri gəlmişkən, Ağ Ev Donald Trampın Çinə səfəri çərçivəsində bir sıra strateji və iqtisadi məsələlər üzrə ümumi razılığa gəlindiyi barədə məlumat yayıb. Məlumata əsasən, liderlər ABŞ–Çin münasibətlərinin ədalət və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf etməli olduğunu vurğulayıblar. Tramp Si Cinpini payızda Vaşinqtona səfərə dəvət edib. Eyni zamanda, iki ölkənin “G20” və “APEC” sammitlərinə ev sahibliyi prosesində qarşılıqlı dəstək verəcəyi bildirilib. Görüşdə İranın nüvə silahına sahib olmaması ilə bağlı ortaq mövqe də ifadə olunub. Şimali Koreyanın nüvəsizləşdirilməsi hədəfi də hər iki lider tərəfindən bir daha təsdiqlənib. Səfər çərçivəsində ABŞ–Çin Ticarət Şurası və ABŞ–Çin İnvestisiya Şurası yaradılıb. Bu institutların məqsədi ikitərəfli iqtisadi münasibətləri daha səmərəli şəkildə idarə etməkdir. Pekin nadir torpaq elementləri və kritik minerallarla bağlı təchizat problemini də həll etməyə razılaşıb. Çin, həmçinin 200 ədəd “Boeing” təyyarəsinin alınmasını təsdiqləyib.
İki ölkə liderinin görüşü çərçivəsində 2026–2028-ci illər üçün hər il ən azı 17 milyard dollarlıq ABŞ kənd təsərrüfatı məhsullarının alınacağı barədə razılıq əldə olunub. ABŞ-ın mal əti məhsulları üçün Çin bazarına girişi yenidən bərpa olunub. Eyni zamanda, ABŞ-a quş ətinin idxalı üzrə məhdudiyyətlər də yumşaldılıb.
Hazırladı:
N.BEYDİYEVA
XQ