ABŞ Çinə süni intellekt sahəsində təhlükəsizlik bildirişləri mübadiləsini təklif edib

21.09.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

ABŞ maliyyə naziri Skott Bessent və Çinin Baş nazirinin müavini He Lifeng Nyu-Yorkda ticarət əlaqələri ilə bağlı danışıqları başa çatdırıblar. ABŞ tərəfi ölkə liderləri Donald Tramp və Si Cinpinə bu həftə keçiriləcək sammitdə süni intellektin (Sİ) yaratdığı təhdidlər zamanı yeni qarşılıqlı bildiriş mexanizminin yaradılması məsələsinə baxmağı təklif edib. Bu barədə Reuters məlumat yayıb.

“Biz hesab edirik ki, hər hansı digər transsərhəd fəaliyyətdə olduğu kimi, dünyanın aparıcı süni intellekt dövlətləri arasında qeyri-şəffaflıqdan daha böyük şəffaflığa keçid çox vacibdir”, – deyə ABŞ maliyyə naziri danışıqların yekununda bildirib.

Qeyd edək ki, Donald Tramp və Si Cinpin may ayında Pekində keçirilən görüşdə süni intellektin inkişafı ilə bağlı məsləhətləşmələrin aparılması imkanını da müzakirə etmişdilər.

Çin tərəfinin ABŞ-ın bu təklifinə reaksiyası isə hələlik məlum deyil. Baş nazirin müavini He Lifeng və Çinin baş ticarət müzakirəçisi Li Çenqan Nyu-Yorkda JPMorgan Chase-in baş qərargahında keçirilən danışıqları media nümayəndələri ilə görüşmədən tərk ediblər.

ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, görüşdə strateji əhəmiyyət daşımayan mallar üzrə tariflərin azaldılması imkanları da müzakirə olunub. Onun sözlərinə görə, ticarətin balanslaşdırıla biləcəyi və həssas kateqoriyaya aid olmayan “ABŞ və Çin mallarından ibarət nisbətən kiçik bir alt qrup” yaratmaq lazımdır.

Agentliyin məlumatına görə, Qrir və Bessent ABŞ şirkətlərinə kritik faydalı qazıntıların tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində hər hansı irəliləyişdən danışmayıblar. Onlar həmçinin may ayında dövlət başçılarının görüşündən sonra həllini tapmayan digər məsələlərlə bağlı yeni məlumat verməyiblər.

Bunlara Çinin hər il ABŞ-dan 17 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları alacağı və 200-dən çox “Boeing” təyyarəsi əldə edəcəyi ilə bağlı vədlər də daxildir.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью