ABŞ Çinin bu hərəkətindən qorxur

08.08.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Vaşinqton Çinin nüvə arsenalının məhdudlaşdırılmasıyla bağlı Pekini danışıqlara cəlb etməyə çalışsa da, bu alınmır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, “soyuq müharibə” illərində nüvə rəqabəti ABŞ-la keçmiş SSRİ arasında mövcud idi:

“Keçmiş illərdə Çinin nüvə arsenalı indiki səviyyədə olmadığına görə diqqəti cəlb etmirdi. Nüvə arsenalının azaldılmasıyla bağlı danışıqlar Vaşinqtonla Moskva arasında gedir, iki ölkə arasında müvafiq sazişlər imzalanırdı.

Bu sazişlərə görə, ABŞ və keçmiş SSRİ nüvə başlıqlı raketlərin azaldılması barədə razılıq əldə edir və illər boyu buna əməl edirdilər. Çin bu razılaşmaların kənarında qalırdı. Bu isə Çinə imkan verirdi ki, nüvə başlıqlı raket istehsalını istədiyi səviyyədə artırsın. 

Vaşinqton bir müddət sonra Çinin nüvə arsenalının artdığını müşahidə edərək raketlərin sayının azaldılması barədə danışıqlara Rusiya ilə yanaşı Çinin də qoşulmasını istədi.

Ancaq Vaşinqtonun son illərdə həyata keçirdiyi bu siyasət nəticə vermədi. Çünki, Pekin Vaşinqtonun təkliflərini qəbul etmir. Vaşinqtonun təkliflərinə hər dəfə rədd cavabı verən Pekin nüvə arsenalını ABŞ və Rusiyadakının səviyyəsinə çatdırmaq istəyir.

ABŞ-nin kəşfiyyat məlumatlarına görə, Çin yaxın illərdə qitələrarası ballistik raket istehsalını, bunun üçün müvafiq mərkəzlərin və mobil raket komplekslərinin sayını dəfələrlə artıracaq. Çin eyni zamanda hərbi dəniz qüvvələrinin nüvə silahlarıyla təhcizatını da gücləndirib”.

Politoloq bidirib ki, bu vəziyyət ABŞ-nin hərbi strategiyasına ciddi təhlükələr yaradıb:

“Buna görə də Vaşinqton Pekini nüvə arsenalı və ballistik raketlər mövzusunda diplomatik danışıqlara cəlb etməyə çalışır. Çünki Çin nüvə arsenalını artırdıqca ABŞ-də eyni siyasəti aparmaq məcburiyyətindədir.

Çinin artan hərbi və nüvə gücü ABŞ-nin hərbi resurslarının əsaslı hissəsini Hind və Sakit Okean bölgəsinə yönəltməyi məcbur edib. ABŞ eyni zamanda bu bölgədəki müttəfiqləri, o cümlədən Yaponiya ilə hərbi-strarteji əməkdaşlığı genişləndirməyə qərar verib. 

Təsadüfi deyil ki, Vaşinqton Yaponiyanın raket arsenalını, hətta nüvə silahına malik olma müzakirələrinə yaşıl işıq yandırıb. Çin nüvə arsenalını gücləndirməklə kifayətlənməyərək ballistik raket sınaqlarının sayını artırıb. Çin bu ilin iyul ayında Sakit okeanda nüvə sualtı qayığından uzaqmənzilli ballistik raketin sınaq buraxılışını həyata keçirib.

Bu sınaq Yaponiya, Avstraliya və Yeni Zelandiya Asiya və Sakit Oken bölgəsindəki ada dövlətlərində, o cümlədən Tuvaluda ciddi narahatlıq yaradıb. Kiçik ada dövlətləri birgə bəyanat yayaraq, Çinin xəbərdarlıq etmədən bölgədə ballistik raket sınaqlarını qəbuledilməz olduğunu vurğulayıblar. Bu narahatlığa baxmayaraq, Çin hərbi strategiyasını dəyişdirməyəcək”. 

Əhməd
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью