Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ federal büdcəsinin kəsiri iyul ayında kəskin artaraq 432,3 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 48,5 faiz çoxdur.
İyul ayı üzrə qeydə alınan kəsir həmin ay üçün rekord mənfi saldo olmaqla yanaşı, 2021-ci ilin martından bəri ən yüksək aylıq göstəricidir.
Məlumata görə, iyulda federal büdcənin gəlirləri illik müqayisədə 1,3 faiz azalaraq 334,01 milyard dollar təşkil edib. Xərclər isə 21,7 faiz artaraq 766,32 milyard dollara yüksəlib.
Xərclərin artmasında ödəniş təqviminin təsiri də rol oynayıb. İyul ayında dövlət borcu üzrə faiz ödənişlərinə 104 milyard dollar, Medicare proqramına 174 milyard dollar, Sosial Təminata isə 141 milyard dollar yönəldilib.
30 sentyabrda başa çatacaq 2026-cı maliyyə ilinin ilk 10 ayında ABŞ federal büdcəsinin kəsiri 10,5 faiz artaraq 1,799 trilyon dollara çatıb. Bu məbləğ artıq əvvəlki maliyyə ilinin bütün dövründə qeydə alınmış 1,775 trilyon dollarlıq kəsirdən yüksəkdir.
Həmin dövrdə federal hökumətin gəlirləri 3,2 faiz artaraq 4,485 trilyon dollar, xərcləri isə 5,2 faiz artaraq 6,284 trilyon dollar olub.
ABŞ-da büdcə kəsiri üzrə rekord göstərici 2020-ci maliyyə ilində 3,1 trilyon dollar təşkil edib. Ölkə federal büdcədə sonuncu dəfə 2001-ci maliyyə ilində profisit qeydə alıb.