ABŞ da “doğuş turizmi” ilə mübarizə çərçivəsində 600 dən çox viza ləğv edilib

13.08.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ Dövlət Departamenti “doğuş turizmi” ilə mübarizə çərçivəsində 600-dən çox vizanı ləğv edib.

Bizimyol.info xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bu barədə avqustun 12-də məlumat verib. Onun sözlərinə görə, “doğuş turizmi”nə qarşı mübarizə aparmaq məqsədilə Dövlət Departamentində xüsusi işçi qrupu yaradılıb.

Rubio bildirib ki, təşkilatlanmış şəbəkələr ABŞ-ın viza sistemindən sui-istifadə edərək gəlir əldə edirlər. Dövlət katibinin sözlərinə görə, bu şəbəkələr əcnəbilərə ABŞ-a səfərlərin və yaşayış yerlərinin təşkilində kömək edir, onları miqrasiya qaydalarından yan keçməyin yolları barədə təlimatlandırır və bəzi hallarda saxta sənədlərin hazırlanması ilə məşğul olurlar.

ABŞ qanunvericiliyində doğumla vətəndaşlıq prinsipi qüvvədədir. Buna əsasən, ABŞ ərazisində doğulan uşaqlar, bir qayda olaraq, valideynlərinin vətəndaşlığından asılı olmayaraq Amerika vətəndaşlığı əldə edirlər.

ABŞ prezidenti Donald Trampın administrasiyası bu praktikanın məhdudlaşdırılmasının tərəfdarıdır. Avqust ayında Tramp doğumla vətəndaşlıq hüququnun məhdudlaşdırılmasına yönəlmiş iki yeni fərman imzalayıb. Bundan əvvəl də onun administrasiyası əcnəbilərin uşaqlarına vətəndaşlıq verilməsi qaydalarını dəyişməyə cəhd göstərmişdi.

ABŞ Konstitusiyasının 14-cü düzəlişinin tətbiqini məhdudlaşdırmaq cəhdləri məhkəmə çəkişmələri ilə üzləşib. Aşağı instansiya məhkəmələri bununla bağlı fərmanın icrasını dayandırıb, ABŞ Ali Məhkəməsi isə doğumla vətəndaşlığa təminat verən konstitusion normanın qüvvədə olduğunu təsdiqləyib.

ABŞ-ın Miqrasiya Siyasəti İnstitutunun qiymətləndirməsinə görə, ölkədə hər il “doğuş turizmi” çərçivəsində 22-26 minə yaxın uşaq doğula bilər. Bununla belə, 2024-cü ilin rəsmi statistikasına əsasən, yaşayış ünvanı kimi xarici ölkə göstərən analar tərəfindən təxminən 9 600 doğuş qeydə alınıb. Bu, ölkədəki bütün doğuşların 1 faizindən də azdır.

Dövlət Departamentindən bildirilib ki, işçi qrupu viza sistemindən sui-istifadə hallarını müəyyənləşdirməyə və bu cür sxemlərdə iştirak edən şəxslərə qarşı tədbirlər görməyə davam edəcək.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью