Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaxud Birləşmiş Ştatlarda ermənipərəstliyin “müsəlman sifəti”
ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyası məğlubiyyətlə üzləşdi. Demək olmaz ki, bu nəticə gözlənilməz oldu. Çünki bir qayda olaraq, aralıq seçkilərdə hakim komanda uğursuzluq yaşayır. Yəni uğursuzluq Konqresin hər 2 palatası üzrə qeydə alınmasa da, birində mütləq baş verir və durumun 100 illik bəlli qərarlaşma tarixçəsi var. Digər tərəfdən, Respublikaçılar Partiyasının üzləşdiyi vəziyyətin növbəti səbəbi Prezident Donald Trampın şəxsi reytinq baxımından geriləməsidir. Amma mövzumuz bu deyil.
Deməli, Miçiqan ştatından Senata seçkilərdə Əbdül Əl-Səyyid adlı mütərəqqi demokrat sayılan bir müsəlman da qaliblər sırasındadır. Nəzərə alaq ki, ştatda müsəlmanların sayının təxminən 300 minə yaxın olduğu bildirilir ki, bu, ərazinin ümumi əhalisinin təqribən 2,4 faizidir. ABŞ üçün rekord göstərici olan bu nəticə səbəbindən bəzən Miçiqana “müsəlman ştatı” da deyilir. Amma hətta buna baxmayaraq, demokratların Senata müsəlman namizəd irəli sürmələri gözlənilməzdir. O dərəcədə gözlənilməzdir ki, ümummilli miqyasda qiymətləndirilmə fazasına da malikdir.
Qeyd edək ki, Miçiqandan olan demokrat senator, Konqresdəki Erməni Dəstək Qrupunun üzvü Hari Piters bu seçkilərdə iştirak etməyib. Nəinki iştirak etməyib, eyni zamanda, siyasi karyerasını başa vurduğunu açıqlayıb. Həqiqətən gözlənilməzdir. Əbdül Əl-Səyyidin demokratlar tərəfindən tez bir zamanda meydana çıxarılması da həmçinin. Axı o, təcrübəsizdir. İxtisasca həkim olan Əbdül ultraliberal siyasətçi kimi tanınır, indiyədək heç bir seçkili vəzifə tutmayıb, bu istiqamətdəki cəhdi uğursuzluqla nəticələnib. O da maraqlıdır ki, Əl-Səyyid qısa müddətdə respublikaçıların tənqidləri ilə də üzləşməyə macal tapıb. Onun müsəlman kimliyi önə çəkilir və ekstremist təşkilatlarla əlaqəsinin olduğu iddia edilir.
Yeri gəlmişkən, Prezident Tramp da dəfələrlə Əbdülü “cihadçı” adlandırıb, onu “Müsəlman Qardaşları” terror qruplaşmasının üzvü qiyafəsində qələmə verib. Trampın Əl-Səyyidi hətta “Məhəmməd”, “Əbdül-Ramazan” deyə məsxərə predmetinə çevirdiyi hallar da az deyil. Bundan başqa, siyasətçini Üsamə bin Ladenə rəğbət bəsləməkdə günahlandıranlar, Konqres zalında deyil, Quantanamo həbsxanasında oturmalı olduğunu söyləyənlər var.
Bəzi iddialarda Əl-Səyyidin ABŞ-da şəriət qanunlarını tətbiq etməyə çalışacağı vurğulanır. Onun özü isə dəfələrlə belə fikirləri rədd edib və bildirib: “Mənim adım benzinin qiymətinin artmasına səbəb olmayıb. Mənim dini etiqadım sizin ərzaq məhsullarını almağa imkanınızın olmamasının səbəbi deyil”.
Əl-Səyyid yəhudilərə qarşı qərəzli münasibət bəsləməsi ilə bağlı ittihamları da rədd edib. Buna baxmayaraq, Amerikanın ən böyük yəhudi diaspor təşkilatı olan AIPAC onun seçilməsinə mane olmaq məqsədilə 40 milyon dollar xərcləyib. Söhbət Əbdülün rəqiblərinə qalib gəlmək üçün ayrılan vəsaitdən gedir. Haşiyə çıxaq ki, bu, diaspor təşkilatının indiyədək hansısa namizədə dəstək məqsədilə yatırdığı rekord məbləğ hesab olunur. Əbdül Əl-Səyyidin xarici siyasətlə bağlı təsəvvürləri, əsasən, anti-İsrail mövqeyi ilə məhdudlaşır. Elə təsəvvür yaranır ki, onun dünyanın digər regionlarında baş verən siyasi proseslər, ABŞ-ın xarici siyasət maraqları və prioritetləri barədə dərin biliyi yoxdur. Amma Əbdül “erməni məsələsi” barədə bilirmiş. Görəsən nə üçün?
Məsələ ondadır ki, Əl-Səyyidin əvvəllər “erməni məsələsi” xüsusunda mövqe bildirməyib. Üstəlik, yalnız daxili siyasətlə bağlı tənqidlər səsləndirən Əbdülün mövzuya bələd olmadığına dair qənaət var. Ayrıca siyasətçinin Cənubi Qafqazla bağlı da hansısa bəyanatı yoxdur. Buna baxmayaraq, seçki kampaniyası dövründə mənzərə dəyişdi. “Erməni məsələsi”nə toxunan Əl-Səyyid sırf Amerikanın Erməni Milli Komitəsinin (ANCA) göstərişi ilə Azərbaycana qarşı bəyanat səsləndirdi. O, həmçinin Prezident Trampı tənqid edərək, dövlət başçısını ölkəmizə hərbi yardımı dayandırmağa və “Azadlığa Dəstək Aktı”na dondurulmuş 907-ci düzəlişin qüvvəsini bərpa etməyə çağırdı. O düzəliş ki, ölkəmizə Birləşmiş Ştatların hərbi yardımını qadağan edir. Sənəd ədalətsizdir, çünki 1992-ci ildə torpaqlarımız işğala məruz qaldığı dönəmdə qəbul edilib və onun qəbulu ölkəmizi təcavüzkar obrazında təqdim edir.
Necə deyərlər, xoruzun quyruğu göründü. Yəni ANCA öz işini görüb. Hərçənd, Əbdül Əl-Səyyidin təqdimatı başqadır və dediklərindən hiss olunur ki, onun üçün sentimental yüklü hekayə də uydurulub. Senator erməni icmasının dəstəyini qazanmağı özünə şərəf saydığını və məsələnin yalnız seçki kampaniyası ilə əlaqəli olmadığını bildirib. Əbdülün sözlərinə görə, ortada şəxsi məsələ var. Sən demə, Əl-Səyyidin məktəbdəki müəllimləri ermənilər imiş. Təsəvvür edin, müəllimlər Əbdülə “erməni soyqırımı”ndan danışıblar. Belə bir şey mümkündürmü? Xeyr! Heç şübhəsiz, 1984-cü il təvəllüdlü Əl-Səyyidin “1915-ci il hadisələrini yaşamış şəxslərin nəvələri ilə eyni parta arxasında əyləşməsi” də ANCA-nın uydurduğu hekayədən qaynaqlanır və dramatizmi artırmaq cəhdindən başqa bir şey deyil. Müsəlmanların üstünlük təşkil etdiyi bir ştatda – Miçiqanda ermənilər bir müsəlmana, yəni Əl-Səyyidə möhkəm olmağı, sınmamağı, mübarizə aparmağı və populist ağızlarda təsirli səslənən dəyərləri öyrədibmişlər. O dedi, biz də inan(ma)dıq...
Əlbəttə, yaramaz erməni ritorikası ilə dilə gələn Əl-Səyyid “907”dən danışarkən Azərbaycanı “Artsaxı” işğal edən təcavükar kimi təqdim edib, ABŞ-ın vergi ödəyicilərinin pulunun işğalçıya dəstək üçün yönləndirilməsinin yolverilməzliyi zəngulələri vurması, müəyyən mənada, təbii qarşılanmalıdır. Loru dildə desək, adam yalağına töküləni yeməklə məşğuldur. Belə nəticəyə gəlmək olar ki, konqresdəki Erməni Dəstək Qrupunun üzvü Hari Piters əbəs yerə siyasətdən getməyib. Görünür, ANCA ABŞ ermənipərəstliyinin rəngini tündləşdirmək üçün siyasi sərmayəni Əbdül Əl-Səyyidin üzərinə yatırıb. Özü də təkcə siyasi yox, eyni zamanda, maddi sərmayəni də. Elə ANCA-nın dolayı yolla bildirdiyi də budur. Təşkilat bəyan edib ki, senator H.Pitersin təqaüdə çıxmasından sonra Miçiqanın erməni icmasının yeni müdafiəçisinə ehtiyac var.
Sonda bir məqamın da üzərində dayanaq. ABŞ-dakı lobbilərin seçki dəstəyi yenilik deyil. Onların bu dəstək müqabilində siyasətçilər üzərinə fokuslanmaları yalnız günümüzün mövzusu olmaqdan çıxıb. Söhbət ayrı-ayrı konqresmen və senatorlara maddi dividend qarşılığında onlardan alət kimi yararlanılmasından gedir. Hesab edirik ki, mövcud anlamda erməni lobbi və diaspor təşkilatları çox “irəli” gediblər.
Şübhəsiz, əsasən erməni lobbi və diaspor təşkilatlarına görədir ki, Birləşmiş Ştatların bir çox nüfuzlu ekspert və politoloqları siyasət adamlarının həmin təşkilatlar tərəfindən ələ alınması tendensiyasını ölkənin milli maraqları üçün təhlükə sayır və saymaqda haqlıdırlar. Nəzərə alaq ki, lobbiçilik və onun formalaşdırdığı ələbaxanlıq mühiti ABŞ-ın idarəedici sisteminin nüfuzunu da zələdələyir, onu biabırçı hala salır. Sözümüz ondadır ki, Əbdül Əl-Səyyid siyasət yollarındakı addımlarını biabırçı mənzərənin möhkəmlənməsi naminə atmaqdadır.
Əvəz RÜSTƏMOV
XQ