Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-da kiberxəbərdarlıq sahəsində ixtisaslaşmış 54 yaşlı Kanada vətəndaşı, hakerlərlə fidyə danışıqları aparan ekspert Edvard Dubrovski həbs olunub.
Bizim.Media xəbər verir ki, Reuters agentliyinin məhkəmə sənədlərinə istinadən verdiyi məlumatına görə, ona qarşı fidyə tələb etmə və kommersiya fəaliyyətinə qanunsuz müdaxilə ittihamları irəli sürülüb.
Dubrovski Pensilvaniya ştatının Filadelfiya bölgəsində saxlanılıb. Həbs qərarı FTB-nin "ShinyHunters" haker qruplaşmasına qarşı apardığı təhqiqat fonunda baş tutub.
FTB direktoru Keş Patel (Kash Patel) "X" şəbəkəsində qruplaşmanın növbəti şübhəli şərikinin saxlanıldığını elan etsə də, həmin şəxsin məhz Dubrovski olduğunu rəsmən təsdiqləməyib. Qruplaşmanın FTB-nin vakansiya portalı olan "FBIjobs.gov" saytına hücumda əli olduğu bildirilir.
Texas Şərq Dairə Məhkəməsində baxılan cinayət işi məxfi saxlanılır. Pensilvaniya məhkəməsinin qərarı ilə Dubrovski gələcək məhkəmə baxışları üçün Texas ştatına etap edilənədək Filadelfiyadakı istintaq təcridxanasında saxlanılır.
"LinkedIn" profilinə və təsisçisi olduğu "CyberSteward" şirkətinin məlumatlarına görə, Dubrovski uzun illər kiberqəsbkarlarla fidyə məbləğləri barədə danışıqların aparılması və böhranların idarə olunması xidmətlərini göstərib.
Bizim.Media