Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
1928-ci ildə ABŞ-da “Quru qanun” dövrünün qanqsterlərindən biri, Rusiya imperiyasından mühacirət etmiş Çarlz Birgerin ictimai edamı. Onun son sözləri belə olub: “Bu, gözəl dünyadır!”
105 il əvvəl, 1921-ci il noyabrın 23-də ABŞ-da həkimlərin xəstələrə müalicə məqsədilə spirtli içki yazması qadağan edildi. Bu qərarla ölkədə qüvvədə olan “Quru qanun”u tibbi resept vasitəsilə dolaşmaq imkanlarından biri də aradan qaldırıldı.
XX əsrin əvvəllərində ABŞ-da ictimai yerlərdə spirtli içki qəbul etmək adi hal sayılırdı. İnsanlar barlarda, restoranlarda və müxtəlif ictimai məkanlarda sərbəst şəkildə içki içir, sərxoşluq da cəmiyyətin gündəlik həyatının bir hissəsi kimi qəbul olunurdu. Lakin zaman keçdikcə mühafizəkar dairələrdə alkoqol istehlakına qarşı narazılıq güclənməyə başladı.
Bu hərəkatın əsas təşkilatçılarından biri “Antisalun Liqası” idi. Təşkilat spirtli içkilərin satışının və istehlakının məhdudlaşdırılmasını tələb edir, ölkənin mənəvi və sosial problemlərinin əsas səbəblərindən biri kimi alkoqolizmi göstərirdi. Nəticədə onların çağırışları hökumət səviyyəsində də dəstək qazandı.
Spirtli içki istehsalçıları və satış şəbəkələrinin ciddi müqavimətinə baxmayaraq, 1920-ci il yanvarın 17-də ABŞ Konstitusiyasına 18-ci düzəliş qüvvəyə mindi. Bununla ölkə üzrə spirtli içkilərin istehsalı, satışı və daşınması qadağan edildi. Qadağa 0,5 faizdən artıq alkoqol tərkibli içkiləri əhatə edirdi.
Lakin hakimiyyətin gözləntilərinin əksinə olaraq, bu qərar Amerika cəmiyyətində nə sağlamlıq göstəricilərinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına, nə də ictimai asayişin möhkəmlənməsinə gətirib çıxardı. Əksinə, qanunla qadağan edilmiş içkilərin ətrafında bütöv bir kölgə iqtisadiyyatı formalaşdı.
Artıq adi sərxoşların yanında qanunsuz içki satışından milyonlar qazanan qanqsterlər də peyda olmuşdu. Yeraltı barlar – Speakeasy adlanan məkanlar sürətlə yayılırdı. Bu müəssisələrə daxil olmaq üçün əvvəlcədən müəyyən edilmiş parolu bilmək lazım idi. Beləliklə, spirtli içki qadağası əslində mafiyanın və mütəşəkkil cinayətkarlığın inkişafı üçün əlverişli şərait yaratdı.
Mafiyanın belə bir fürsəti əldən verməsi mümkün deyildi. Polis və digər dövlət qurumlarında korrupsiya geniş yayılmışdı, əhalinin əhəmiyyətli hissəsi isə qadağanı qəbul etmək istəmirdi. Nəticədə qanunsuz içki ticarətinə qarşı mübarizə səmərəsiz xarakter almışdı.
Bəs qadağan olunmuş spirtli içkilər haradan əldə edilirdi?
Bəziləri qadağa qüvvəyə minməzdən əvvəl böyük həcmdə içki ehtiyatı toplamış, sonradan onları baha qiymətə satmağa başlamışdı. Digərləri ev şəraitində və gizli sexlərdə spirtli içki istehsal edirdi. Daha cəsarətli sahibkarlar isə bootlegging adlanan qaçaqmalçılıq yolu ilə ölkəyə içki gətirirdilər.
Bununla yanaşı, qanunu dolanmağın daha bir maraqlı üsulu mövcud idi. Həkimlər xəstələrə müalicə məqsədilə spirtli içki reseptləri yazırdılar. Beləliklə, tibbi göstəriş adı altında alkoqol əldə etmək mümkün olurdu. Bu praktika o qədər geniş yayılmışdı ki, hakimiyyət onun qarşısını almaq üçün ayrıca tədbir görməli oldu. Prezident Uorren Hardinqin 1921-ci il noyabrın 23-də imzaladığı qərarla həkimlərin bu yolla spirtli içki təyin etməsinə son qoyuldu.
Ancaq bütün bu qadağalar gözlənilən nəticəni vermədi. Əksinə, problemlər getdikcə dərinləşdi.
İlk növbədə, dövlət spirtli içkilərin qanuni istehsalı və satışından əldə etdiyi böyük vergi gəlirlərindən məhrum oldu. Bunun əvəzində qeyri-qanuni ticarət genişləndi, mütəşəkkil cinayətkar qruplar gücləndi və qanqsterlər böyük sərvət toplamağa başladılar.
Üstəlik, qanunsuz istehsal olunan içkilərin keyfiyyətinə nəzarət edilmədiyindən insanların sağlamlığı üçün ciddi təhlükə yaranmışdı. Bəzən tərkibi naməlum və zəhərli maddələrlə qarışdırılmış spirtli içkilər ölümcül nəticələrə səbəb olurdu.
Adi amerikalıların narazılığı da getdikcə artırdı. Cəmiyyətin böyük bir hissəsi faktiki olaraq işləməyən və insanları qanun pozuntusuna sövq edən bu qadağanın ləğvini tələb edirdi. Etirazlar bəzən kütləvi xarakter alır, insanlar küçələrə çıxaraq “Biz pivə istəyirik!” şüarını səsləndirirdilər.
1930-cu illərin əvvəllərində başlayan Böyük Depressiya isə “Quru qanun”un ləğvi prosesini daha da sürətləndirdi. Ağır iqtisadi böhran şəraitində dövlətin vergi gəlirlərinə ciddi ehtiyacı vardı. Spirtli içkilərin qanuni dövriyyəsinin bərpası həm büdcəyə əlavə vəsait gətirə, həm də kölgə iqtisadiyyatının qarşısını müəyyən qədər ala bilərdi.
Nəhayət, 1933-cü il dekabrın 5-də ABŞ Konstitusiyasına 21-ci düzəliş qəbul edildi və 18-ci düzəliş ləğv olundu. Beləliklə, ölkədə 13 ilə yaxın davam edən “Quru qanun” dövrü başa çatdı. Bir çox amerikalılar bu tarixi hadisəni spirtli içkilərlə qeyd etdilər.
Bununla belə, qadağanın ləğvi bütün məhdudiyyətlərin aradan qaldırılması demək deyildi. ABŞ-ın bir sıra ştatlarında və ayrı-ayrı bölgələrində spirtli içkilərin satışı ilə bağlı ciddi məhdudiyyətlər bu günə qədər qorunub saxlanılıb.
“Quru qanun” Amerika tarixində bir daha göstərdi ki, cəmiyyətin real tələbatını və sosial davranışlarını nəzərə almadan tətbiq edilən sərt qadağalar bəzən aradan qaldırmaq istədiyi problemdən daha böyük problemlər yarada bilər.
Ağagül Mürsəlov,
KONKRET.az