Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkiləri zamanı sosial şəbəkələrdə səsvermə prosesinə dair yoxlanılmamış məlumatların və saxta iddiaların sürətlə yayılması diqqət çəkib.
Associated Press (AP) agentliyinin məlumatına görə, seçki günü bir sıra ştatlarda baş verən hadisələr sosial mediada həqiqətə uyğun olmayan iddiaların yayılmasına səbəb olub.
Nyu-York ştatının Vestçester dairəsində səsvermə məntəqələrində bülletenləri skan edən cihazlarda texniki nasazlıq yaranıb. Nəticədə seçicilərin kağız bülletenləri dərhal qəbul edilməyib və onların təhlükəsiz torbalarda saxlanılaraq sonradan emal olunması qərara alınıb. Lakin sosial şəbəkələrdə bu texniki problem qəsdən törədilmiş müdaxilə kimi təqdim edilib. Respublikaçı konqresmen Mayk Louler isə hadisədə qəsdən müdaxilə əlamətlərinin olmadığını bildirib.
Bundan başqa, Hyustonda Federal Təhqiqatlar Bürosunun guya 20 mindən çox saxta seçki bülleteni aşkar etməsi barədə məlumat yayılıb. FBI bu iddianı təkzib edərək noyabrın 2-də belə bir əməliyyatın keçirilmədiyini açıqlayıb.
Corciya ştatının Fulton dairəsində isə bəzi seçicilərə səsvermə məntəqələrinin dəyişdirilməsi barədə saxta SMS-lər göndərildiyi bildirilib. Yerli rəsmilər həmin mesajların dairə administrasiyası tərəfindən göndərilmədiyini təsdiqləyiblər.
AP-nin araşdırmasında NBC telekanalının seçkilərin nəticələrini əvvəlcədən elan edəcəyi barədə sosial şəbəkələrdə yayılan iddiaların da həqiqəti əks etdirmədiyi qeyd olunub.
N.Adilqızı
XQ