Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Noyabrın 3-də ABŞ-də baş tutacaq seçkilərdə böyük ehtimalla demokratların üstünlük qazanmaq şansı daha çoxdur. Bu da Donald Trampın son dövrlərdə xarici siyasətdə bəzi uğursuzluqlara imza atması, ölkədə vəziyyətin dəyişməsi, işsizliyin artması və sosial-iqtisadi problemlərin təsirlərinin daha da genişlənməsi ilə əlaqədardır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, bütün bunlar göstərir ki, seçicilər demokratlara daha çox dəstək verməyə başlayıblar:
"Bu isə o deməkdir ki, yaxın müddət ərzində respublikaçılar Konqresdə üstünlüyü itirə və yerlərini demokratlara verə bilərlər. Belə bir vəziyyət Donald Trampın hakimiyyəti üçün ciddi təhdid yarada bilər.
Konqresdəki qüvvələr nisbətinin dəyişməsi impiçment prosesinin həyata keçirilməsinə, hətta bundan sonrakı, Trampdan sonrakı dövrün hansı formada inkişaf edəcəyinə də təsir göstərə bilər. Çünki Amerikada hər zaman çəkindirmə və tarazlaşdırma siyasəti mövcud olub.
Əlbəttə, ölkə daxilində baş verən istənilən siyasi dəyişiklik mahiyyət etibarilə xaricdə də öz təsirini göstərir.
Düşünürəm ki, Amerikada keçiriləcək bu seçki digər seçkilərdən fərqli olaraq, daha çətin və daha məsuliyyətli bir seçki kimi görünür. Amma dünya ölkələrinin, o cümlədən Avropa İttifaqı və digər müttəfiqlərin bu seçkiyə necə reaksiya verəcəyini zaman göstərəcək. Faktiki olaraq, seçkiqabağı vəziyyət heç də ürəkaçan görünmür".