ABŞ da SpaceX şirkətinin ən böyük investorları açıqlanıb

17.08.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İlon Maskın rəhbərlik etdiyi SpaceX korporasiyası ən böyük investorları barədə ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) məlumat təqdim edib. Məlumatın açıqlanması şirkətin səhmlərinin birjaya ilkin yerləşdirilməsindən (IPO) iki ay sonra baş verib.

SEC-ə təqdim olunan bildirişdə investisiyaların məhz nə vaxt edildiyi – IPO-dan əvvəl, proses zamanı, yoxsa sonra – göstərilməyib.

SpaceX-in ən böyük xarici investoru Alphabet (Google) şirkətidir. Alphabetə 551,2 milyon səhm, yəni şirkətin səhmlərinin təxminən 3,9 faizi məxsusdur. Bu payın hazırkı dəyəri 77,2 milyard dollar qiymətləndirilir.

İkinci yerdə Fidelity investisiya şirkətidir. Onun 302 milyon səhmi (2,2 faiz) var və bu payın dəyəri təxminən 42,4 milyard dollardır.

Üçüncü ən böyük investor ABŞ-ın Gigafund vençur fondudur. Fondun 171,8 milyon səhmi (1,2 faiz) var və payının dəyəri təxminən 24 milyard dollar təşkil edir.

SpaceX-in dördüncü ən böyük investoru Səudiyyə Ərəbistanının suveren investisiya fondu Saudi Public Investment Funddur. Fondun 154,1 milyon səhmi (1,1 faiz) var və bu payın dəyəri 21,7 milyard dollar qiymətləndirilir.

Aparıcı texnologiya şirkəti Nvidia SpaceX-in 122,8 milyon səhminə (0,9 faiz) sahibdir. Bu payın hazırkı dəyəri təxminən 17,2 milyard dollardır.

İlk altılıqda sonuncu yerdə Harvard Universiteti ilə əlaqəli Harvard Management Co investisiya fondu qərarlaşıb. Fondun 12,9 milyon səhmi (0,1 faiz) var və onların dəyəri 1,8 milyard dollar təşkil edir.

SpaceX-in ən böyük səhmdarı isə şirkətin təsisçisi və rəhbəri İlon Maskdır. O, şirkətin səhmlərinin 42 faizinə, səsvermə hüquqlarının isə 80 faizinə sahibdir.

Hazırda SpaceX-in bazar kapitallaşması 1,95 trilyon dollar təşkil edir. Şirkətin səhmləri son bir ay ərzində 20 faiz bahalaşıb.

Hazırladı:

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью