ABŞ dan İrana qarşı üçüncü hücum dalğası Hörmüz bağlandı

12.07.2026

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Yaxın Şərqdə gərginlik daha da artıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının ikinci bir açıqlamaya qədər bağlandığını elan edib. Eyni zamanda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı bu həftə üçüncü hərbi hücum dalğasına başladığını açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilib ki, bölgədə xarici müdaxilə və bəzi gəmilərin icazəsiz marşrutlarla hərəkət etməsi təhlükəsizlik vəziyyətini gərginləşdirib. Məlumata görə, xəbərdarlıqlara baxmayaraq marşrutunu dəyişməyən gəmilərdən biri xəbərdarlıq atəşi açıldıqdan sonra dayandırılıb. Bundan sonra təhlükəsizlik səbəbindən Hörmüz boğazının qeyri-müəyyən müddətə bağlanmasına qərar verilib.

Açıqlamada vurğulanıb ki, ABŞ-ın müdaxilələri dayandırılana qədər heç bir gəminin boğazdan keçməsinə icazə verilməyəcək.


Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığı İranın Kipr bayrağı altında üzən "M/V GFS Galaxy" konteyner gəmisinə hücum etdiyini bildirərək, buna cavab olaraq İrana qarşı üçüncü hücum dalğasına başladığını açıqlayıb. CENTCOM-un məlumatına görə, gəmidə yanğın baş verib, maşın bölməsi ciddi zədələnib və mülki ekipaj üzvlərindən bəzilərinin taleyi hələ də naməlumdur.

ABŞ tərəfi bəyan edib ki, əməliyyatların məqsədi İranın beynəlxalq ticarət gəmilərinə və Hörmüz boğazından keçən mülki gəmiçiliyə hücum imkanlarını zəiflətməkdir.

Hörmüz boğazının bağlanması dünya enerji bazarları üçün ciddi risk hesab olunur. Qlobal neft daşımalarının əhəmiyyətli hissəsi məhz bu strateji dəniz keçidi vasitəsilə həyata keçirilir. ABŞ və İran arasında qarşıdurmanın dərinləşməsi regionda təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirə bilər.

İranın bir sıra şəhərlərində partlayışlar

ABŞ-ın yeni hücumlarının başlamasından sonra İranın cənubundakı Bəndər Abbas və Sirikdə partlayışlar qeydə alınıb. Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, Hörmüz boğazı yaxınlığındakı Bəndər Abbasda üç, Sirikdə isə iki partlayış olub.

Partlayışların Fars körfəzi sahilindəki Buşehr və Asaluyədə də qeydə alındığı bildirilir.

Bununla belə, partlayışların dəqiq yerləri hələ müəyyən edilməyib.

Bundan əlavə, ölkənin cənubundakı Çabaharda bir, Fars körfəzi sahilindəki Buşehrdə isə beş yeni partlayış baş verib.


Oman sahillərində Britaniya gəmisinə hücum

Konteyner gəmisi Oman sahillərindən 16 km şərqdə zədələnib, bundan sonra göyərtədə yanğın baş verib. Bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO Omandan 16 km şərqdə baş verən hadisə barədə məlumat alıb. Hərbi hakimiyyət orqanları konteyner gəmisinin arxa hissəsində zədələnmə olduğunu və nəticədə göyərtədə yanğın baş verdiyini bildirib", - mərkəz açıqlamasında bildirib.


İran ABŞ-ın regiondakı hədəflərinə zərbələr endirdi

İran Yaxın Şərqdəki ABŞ hədəflərinə hücum etməyə başlayıb. Bu barədə Press TV məlumat yayıb.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İslam Respublikasının Hörmüz boğazında bir gəmiyə hücumlarına cavab olaraq İrana yeni zərbələr endirildiyini bildirib. İranın Bəndər Abbas, Sirik və Çabahar liman şəhərlərində, eləcə də Qeşm adasında, Buşehr əyalətinin bəzi yerlərində və Əsəluyədə partlayışlar baş verib.


Avropa ölkələri Hörmüzdən keçid üçün rüsum ödəyə bilər

Avropa ölkələri Hörmüz boğazından keçən gəmiçilik üçün rüsumları könüllü olaraq ödəməyi istisna etmir. Bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.

Avropalıların fikrincə, rüsumların ödənilməsi könüllü olmalı və BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən tənzimlənməlidir. Buna misal olaraq Malakka boğazı göstərilir; onun üzərindən tranzit pulsuzdur, lakin ölkələr və özəl korporasiyalar sahil dövlətlərinə boğazda patrul xidməti və ətraf mühitin təhlükəsizliyinin təmin olunması xərclərinə kömək edən xüsusi fondlara könüllü ödənişlər edirlər.

Qeyd olunur ki, oxşar təklif Oman tərəfindən Britaniya hüquqşünasları ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Nəşr aydınlaşdırır ki, Oman hakimiyyəti planın ətraflı müzakirələri üçün hüquq mütəxəssislərini Tehrana göndərməyə hazırdır.


Bəhreyn və BƏƏ İrandan buraxılan raket və PUA hücumlarının qarşısını aldı

Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri İrandan buraxıldığı bildirilən raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hava hücumlarının qarşısını aldıqlarını açıqlayıb. Bu barədə Bəhreyn televiziyası və BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Bəhreyn televiziyasının məlumatına görə, krallığın hava hücumundan müdafiə sistemləri ölkə səmasında İranın hava hədəflərini ələ keçirərək məhv edib.

BƏƏ Müdafiə Nazirliyi isə bildirib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri İrandan buraxılan raket və pilotsuz uçuş aparatlarının zərbələrini dəf edir.

"Hazırda BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İran tərəfdən buraxılan raket və pilotsuz uçuş aparatlarının zərbələrini dəf edir”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Məlumata görə, Bəhreyndə hava həyəcanı siqnalları səsləndirilib.

Qeyd olunur ki, iyulun 12-də BƏƏ ilə yanaşı, Qətər ərazisi üzərində də raket hücumunun qarşısı alınıb.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью