ABŞ dan İrana strateji mesaj

23.01.2026

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) 24 saatlıq hazırlıq əmri verilməsi və “Abraham Lincoln” təyyarədaşıyan gəmisinin Yaxın Şərqə göndərilməsi haqlı olaraq ciddi müzakirələr doğurur”.

Bunu politoloq Rəşad Bayramov Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu addımlar ilk baxışdan birbaşa hücum ehtimalı kimi görünsə də, əslində daha çox strateji siqnal xarakteri daşıyır və bölgədə potensial gərginliyin idarə olunmasına xidmət edir: “Bu cür hazırlıq əmrləri adətən genişmiqyaslı əməliyyatlara texniki hazırlıq, regional eskalasiya risklərinə qarşı preventiv tədbirlər və zərurət yaranacağı halda sürətli hərbi müdaxilə məqsədi ilə verilir. Bu, avtomatik olaraq hücum qərarının verildiyi anlamına gəlmir, lakin ABŞ-ın vəziyyəti ciddi qəbul etdiyini və hər an hərbi reaksiyaya hazır olduğunu göstərir. Abraham Lincoln” təyyarədaşıyan gəmisinin bölgəyə yönləndirilməsi də strateji mesajdır. ABŞ təyyarədaşıyan qrupları adətən birbaşa müharibə riski olduqda, müttəfiqləri qorumaq və ya İran və onun proksi qüvvələrinə xəbərdarlıq məqsədilə göndərir. Bu addım həm hava üstünlüyünün dərhal təmin olunmasına, həm də İranın cavab imkanlarının məhdudlaşdırılmasına yönəlib”.

Politoloq vurğulayıb ki, İrana birbaşa hərbi müdaxilə ehtimalı mövcud olsa da, indiki mərhələdə tammiqyaslı müharibə ehtimalı yüksək deyil: “Belə bir müharibə Hörmüz boğazının təhlükə altına düşməsi, enerji infrastrukturunun zədələnməsi və regiondakı ABŞ və müttəfiq bazalarının hədəfə çevrilməsi kimi ciddi regional və qlobal risklər yaradar. Vaşinqton həm də müttəfiqlərinin mövqeyini nəzərə almağa məcburdur.Körfəz ölkələri və İsrail genişmiqyaslı müharibənin ağır nəticələrini istəmədiyi üçün ABŞ daha ölçülü və ehtiyatlı davranır. Bu baxımdan, məhdud, dəqiq və selektiv – yəni nöqtə atışlı əməliyyatların ehtimalı daha yüksək görünür”.

Rəşad Bayramov yekun olaraq qeyd edib ki, ABŞ-ın hazırkı addımları faktiki güc nümayişi və eskalasiya riskinə qarşı hərbi cavab hazırlığı kimi dəyərləndirilməlidir.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью