Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vaşinqtonda Amerika–Azərbaycan Ticarət Palatasının ev sahibliyi ilə Çapar – Milli İrsin Tədqiqi Mərkəzi tərəfindən həyata keçirilən “Amerikada Azərbaycan izləri” layihəsinin təqdimatı keçirilib.
XQ xəbər verir ki, tədbirdə Azərbaycanın ABŞ-dəki səfirliyinin diplomatları, ABŞ-də fəaliyyət göstərən tanınmış alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Amerika–Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov layihə haqqında məlumat verib, onun həyata keçirilməsi prosesinin əsas mərhələlərindən bəhs edib. O, XX əsrin birinci yarısında ABŞ-yə mühacirət etmiş azərbaycanlıların həyat hekayələrinin araşdırılmasının və sənədləşdirilməsinin milli tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Natiq Baxışov bu istiqamətdə tədqiqatların davamlı xarakter almasının vacibliyini qeyd edib.
Daha sonra çıxış edən Çapar – Milli İrsin Tədqiqi Mərkəzinin sədri və layihə rəhbəri Dilqəm Əhməd layihənin həyata keçirilməsinə göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, təqdimat tədbirinə ev sahibliyi etdiyinə görə isə Amerika–Azərbaycan Ticarət Palatasına təşəkkürünü bildirib.
Dilqəm Əhməd layihə çərçivəsində ABŞ-yə mühacirət etmiş azərbaycanlıların həyat və fəaliyyətinin araşdırılması məqsədilə arxiv sənədlərinin, dövri mətbuat materiallarının, şəxsi yazışmaların, fotoşəkillərin və ailə arxivlərinin sistemli şəkildə tədqiq edildiyini diqqətə çatdırıb. O, bu materialların Azərbaycan mühacirət tarixinin indiyədək az öyrənilmiş səhifələrinin üzə çıxarılması və tarixi yaddaşın qorunması baxımından mühüm mənbələr olduğunu qeyd edib.
Təqdimat çərçivəsində layihənin əsas nəticələrindən biri olan və Ticarət Palatasının da tərəfdaşlığı ilə işıq üzü görən “Amerikaya doğru: Azərbaycandan olan ilk mühacirlərin hekayələri (1900–1950)” (Bound for America: Stories of Early Immigrants from Azerbaijan (1900–1950)) kitabı da iştirakçılara təqdim olunub. Nəşrdə XX əsrin birinci yarısında ABŞ-yə mühacirət etmiş Azərbaycan mənşəli şəxslərin həyat hekayələri, fəaliyyəti, Amerika cəmiyyətindəki izləri və tarixi irsi əks etdirilir. Kitab Azərbaycan mühacirət tarixinin ABŞ istiqamətini fərdi bioqrafiyalar və arxiv materialları əsasında araşdıraraq bu tarixin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, layihənin gələcək tədqiqat istiqamətləri, yeni arxiv materiallarının araşdırılması və növbəti nəşrlərin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.