Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nyu-Meksiko ştatının məhkəməsi “Meta” şirkətini “Cambridge Analytica” tətbiqi vasitəsilə istifadəçi məlumatlarının toplanması işində istifadəçiləri aldatdığına görə 25 milyard dollar məbləğində cərimələyib.
Bakıvaxtı.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə müvafiq məhkəmə qərarı çıxarılıb.
Agentliyin məlumatına görə, məhkəmənin münsiflər heyəti belə qənaətə gəliblər ki, şirkətin və onun rəhbərliyinin məxfilik, nifrət nitqi ilə bağlı şikayətlərin araşdırılması və daxili qaydalar haqqında 29 bəyanatından 26-sı yalan olub. Qiymətləndirmələrə görə, “Meta” istehlakçıların hüquqlarının müdafiəsi haqqında yerli qanunu 43 milyondan çox hallarda pozub.
“Facebook”un illərlə davam edən və sistemli şəkildə ictimaiyyətə çatdırılan pozuntuları onun biznes təcrübəsinin mərkəzində durur. Ştat qanunlarına əsasən, cərimənin məbləği 219 milyard dolları keçə bilərdi, lakin mən bu rəqəmi 25 milyard dollara endirmişəm”, – deyə hakim Frensis Mettyu qərarında qeyd edib.
Nyu-Meksikonun Baş prokuroru Raul Torresin sözlərinə görə, toplanacaq bütün vəsait ştatın məktəb sisteminin inkişafına yönəldiləcək.
Qeyd edək ki, sözügedən iddia 2021-ci ildə Böyük Britaniyanın “Cambridge Analytica” konsaltinq şirkətinin “Facebook”un 87 milyona yaxın istifadəçisinin məlumatlarını topladığı məlum olduqdan sonra qaldırılmışdı. Ştat rəhbərliyi “Meta”nı üçüncü tərəflərin məlumatlara çıxışı ilə bağlı sakinlərə yalan danışmaqda günahlandırıb.
Məhkəmə sənədlərində “Meta” cərimənin 3,45 milyard dollarla məhdudlaşdırılmasını xahiş etsə də, məhkəmə bu müraciəti təmin etməyib.
Məlumat üçün bildirək ki, bu, son yarım ildə Nyu-Meksiko məhkəməsinin “Meta”ya qarşı çıxardığı ikinci böyük qərardır. Mart ayında məhkəmə şirkətin yetkinlik yaşına çatmayanların təhlükəsizliyi ilə bağlı istifadəçiləri yanıltdığı qənaətinə gələrək 375 milyon dollar cərimə kəsmiş, daha sonra hakim şirkəti ştatın yeniyetmələrin psixi sağlamlığı fonduna 567 milyon dollar ödəməyə məcbur etmişdi.