ABŞ də vətəndaş müharibəsi riskinin elementləri görünür AÇIQLAMA

03.02.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Tesla və SpaceX-in rəhbəri İlon Mask ABŞ-də artıq ikinci vətəndaş müharibəsinin başladığını hesab edir.

Bu barədə o, özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

Bəs həqiqətən, ABŞ-də ikinci vətəndaş müharibəsi başlaya bilərmi?

Redaktor.az-a danışan politoloq Asif Nərimanlı bildirdi ki, hazırda Amerikada mövcud olan vəziyyət, yəni Tramp administrasiyasının sərt immiqrasiya siyasəti ölkə daxilində qarşıdurma risklərini ortaya çıxarır və buna görə də bir çox ekspertlər zaman-zaman bu prosesləri mümkün növbəti vətəndaş müharibəsi riski kimi də qiymətləndirirlər:

"Əslində, indiki vəziyyətə baxdıqda, bu cür risklərin müəyyən elementləri artıq görünməkdədir. Çünki Tramp administrasiyasının immiqrant adlandırdığı insanlar arasında daha əvvəl Amerikanın yaratdığı hüquqi çərçivə daxilində ölkəyə köçmüş, orada yaşamış, həyatını qurmuş və ABŞ-nin ictimai-siyasi həyatına töhfə vermiş şəxslər də var. Təbii ki, qanunsuz yollarla Amerikaya keçənlər də mövcuddur, lakin immiqrantların böyük bir hissəsi qanunlara uyğun şəkildə bu ölkəyə gəlib və cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Bu insanlarla birdən-birə sərt münasibətin formalaşması təbii olaraq etirazlara səbəb olur və hazırda baş verən hadisələr də məhz bundan qaynaqlanır. Hətta Amerikanın dövlət strukturlarında çalışan bir çox şəxsin keçmiş immiqrant olması da narazılığı artıran əsas məqamlardandır. Belə bir fikir formalaşıb ki, əgər Trampın sərt immiqrasiya siyasəti davam edərsə, ilk mərhələdə qanunsuz köç edənlər hədəf alınsa da, gələcəkdə keçmişdə immiqrant olmuş şəxslər də risk altına düşə bilər. Bu isə cəmiyyətdə ciddi qorxular və narazılıqlar yaradır. Nəticədə Amerika cəmiyyətində parçalanma, sosial və sosial-psixoloji qarşıdurma dərinləşir".

Siyasi şərhçinin fikrincə, mövcud proseslər fonunda Amerikanın tarixində ikinci bir vətəndaş müharibəsinin baş verməsi ehtimalı zəifdir.

"Bəzi paralellər və analogiyalar aparmaq mümkün olsa da, bu vəziyyətin Amerika tarixindəki vətəndaş müharibəsinin təkrarı ilə nəticələnəcəyini demək çətindir. Çünki vətəndaş müharibəsinin baş verməsi üçün ABŞ siyasi elitasının daha radikal şəkildə parçalanması lazımdır. Doğrudur, bu gün Amerika bürokratiyasında, hətta Tramp administrasiyasının daxilində belə immiqrasiya siyasəti ilə bağlı fikir ayrılıqları mövcuddur. Ancaq vətəndaş müharibəsindən yalnız o zaman danışmaq olar ki, dövlətin təhlükəsizlik strukturları, silahlı qüvvələri və güc tətbiq etmək imkanına malik qurumlar arasında ciddi parçalanma baş versin və qruplar açıq şəkildə qarşı-qarşıya dursun. Digər tərəfdən, Tramp administrasiyası nə qədər sərt immiqrasiya siyasəti aparsa da, ABŞ daxilində genişmiqyaslı bir partlayış ölkənin geosiyasi hədəflərindən yayınmasına səbəb ola bilər. Bu isə nə Amerika dövlətinin, nə də Amerika bürokratiyasının maraqlarına cavab verir. Buna görə də əgər belə risklər real və qaçılmaz hala gələrsə, prosesə müdaxilə mexanizmləri mövcuddur. Hakimiyyətin siyasətində dəyişikliklər və ya müəyyən korrektələr edilə bilər. Hətta Tramp administrasiyası belə bu siyasəti yumşaldaraq müəyyən mənada geri addım ata bilər.

Nəticə etibarilə, hazırkı vəziyyət vətəndaş müharibəsinə aparan müəyyən risklər və elementlər yaratsa da, bu ssenarinin reallaşması ehtimalı zəifdir. Çünki indiki Amerika əsrlər əvvəlki Amerika deyil, daha güclü dövlətdir və ciddi geosiyasi maraqlara malikdir. Bu kontekstdə ölkə daxilində dərin parçalanmaların və silahlı qarşıdurmaların baş verməsi real görünmür. Son dövrlərdə bəzi ştatlar arasında problemlər, hətta Texas ştatının ayrılması ilə bağlı müzakirələr gündəmə gəlsə də, həmin böhran da müəyyən format tapılaraq həll olundu. Buna görə düşünmürəm ki, proses bu istiqamətdə inkişaf edəcək", - deyə Asif Nərimanlı yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью