Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ maliyyə naziri Skott Bessent İrandan qaynaqlanan təhdidlər səbəbindən hərbi bazada yaşamağa davam etdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Vaşinqtondakı evini tərk etmək məcburiyyətində qaldığını deyən nazir ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasətindən geri çəkilməyəcəyini vurğulayıb.
CNBC-yə müsahibəsində İrandan gələn təhdidlər səbəbindən hərbi bazada qalıb-qalmadığı ilə bağlı suala müsbət cavab verən Bessent “İranlıların məni qorxutmasına icazə verməyəcəyəm” deyib.
O, ABŞ-nin İrana qarşı İqtisadi Məhdudlaşdırma Əməliyyatı çərçivəsində tətbiq etdiyi sanksiyaların nəticə verdiyini bildirib və İran İslam İnqilabı Keşikçiləri Korpusuna təzyiqin razılaşma əldə olunana qədər davam edəcəyini qeyd edib.
Bessent həmçinin “The Wall Street Journal” qəzetini Vaşinqtondakı evinin yerini müəyyən etməyə imkan verən fotoşəkil dərc etdiyinə görə tənqid edərək bunun təhlükəsizliyini risk altına atdığını söyləyib. Nazirin sözlərinə görə, hərbi bazada yaşayışı normal davam edir.
ABŞ mediasının məlumatına görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda Tramp administrasiyasının digər yüksəkvəzifəli şəxsləri, o cümlədən Ağ Evin aparat rəhbəri Stiven Miller, keçmiş baş prokuror Pem Bondi və daxili təhlükəsizlik naziri vəzifəsində çalışmış Kristi Noem də yaşayış yerini dəyişən və ya əlavə təhlükəsizlik tədbirləri tətbiq olunan rəsmilər sırasındadır.
ABŞ kəşfiyyatı İranın Amerika rəsmilərini və vətəndaşlarını hədəf almaq cəhdləri barədə xəbərdarlıqlar yaysa da, İran tərəfi ABŞ ərazisində vəzifəli şəxslərə və ya mülki şəxslərə hücum planlaşdırmasına dair iddiaları təkzib edir.