Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Konqresdə dəyişən siyasi mənzərə nələr vəd edir?
Aralıq seçkiləri ABŞ seçicilərinin yüksək qiymətlərdən, İrandakı müharibədən və hökumətdəki korrupsiya ilə bağlı narahatlıqlardan ciddi narazılığı üzə çıxarıb. Demokratlar ölkə üzrə bir sıra dairələrdə qələbə qazanaraq
Nümayəndələr Palatasında çoxluğu yenidən əldə etməyə yaxınlaşıblar. Seçkilərin nəticələri Donald Tramp üçün ciddi siyasi zərbə olub. “Associated Press” nəşri yazır ki, prezident seçki gününə qədərki son 1 ay ərzində respublikaçıları səfərbər etmək məqsədilə ölkənin onlarla ştatına səfər etsə də, partiyasının ağır məğlubiyyətinin qarşısını ala bilməyib.
Nəşr, onu da qeyd edib ki, Demokratlar Konqresdə əldə edəcəkləri mövqedən Trampın prezidentlik müddətinin son iki ilində administrasiyanın yüksək vəzifəli nümayəndələrinə qarşı bir sıra araşdırmaların başlanması və prezidentin ailəsinin maliyyə maraqlarını necə artırdığına dair daha ciddi təhqiqatlar aparılması üçün istifadə edəcəklərinə işarə ediblər.
Tramp isə partiyasının məğlubiyyətinə görə məsuliyyəti dərhal üzərindən atmağa çalışıb. ABŞ lideri demokratların nəzarətində olacaq Konqresdən keçən qanun layihələrinə veto qoyacağını bəyan edib. O, bununla bağlı özünün məşhur “Amerikanı yenidən möhtəşəm edək” kampaniyasının üslubunda hazırlanmış, üzərində “veto” yazısı olan qırmızı beysbol papağının şəklini də paylaşıb.
Gecə saatlarında “Fox News” telekanalına telefonla müsahibə verən Tramp seçkiləri şəxsi məğlubiyyəti kimi qiymətləndirmədiyini bildirib. Onun sözlərinə görə, seçicilər namizədləri bəyənməyiblər. Respublikaçıların nəzarətində olan Konqres indiyədək Trampın siyasi gündəliyinin böyük hissəsini faktiki olaraq maneəsiz dəstəkləyib. Prezident onu məhdudlaşdırmaq cəhdlərinin qarşısını almaqda uğurlu olsa da, demokratların Konqresin hətta bir palatasına nəzarəti ələ keçirməsi onun prezidentlik müddətinin qalan hissəsində siyasi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişəcək. Müdafiə naziri Pit Heqset və Trampın keçmiş yüksək vəzifəli müşavirlərindən, texnologiya milyarderi İlon Mask araşdırmaların mümkün hədəfləri sırasında göstərilir.
Aralıq seçkiləri, bir qayda olaraq, hakim partiya üçün çətin sınaq hesab olunur. Lakin respublikaçılar əvvəlcə Senatda çoxluğu qoruyacaqlarına əmin idilər. Nəticələr isə göstərdi ki, demokratlar ölkənin ən mühafizəkar ştatlarının bəzilərində belə ciddi uğurlar əldə ediblər. Ayovada Coş Turek Respublikaçı konqresmen Eşli Hinsonu, Kanzasda isə Adam Hamilton senator Rocer Marşalı məğlub edib. Hamilton 1932-ci ildən bəri Kanzasdan Senata seçilən ilk demokrat olub. Demokratların gözlənilməz qələbələr silsiləsinə Texasda Ceyms Talarikonun Ken Pakstona, Cənubi Karolinada Enni Endryusun Darlayn Qreheminə, Ohayoda Şerrod Braunun senator Con Hustedə və Şimali Karolinada Roy Kuperin boş qalan senator mandatı uğrunda yarışda rəqiblərinə qalib gəlməsi də daxildir.
Corciada demokrat senator Con Ossofun yenidən seçilməsi o qədər də gözlənilməz olmayıb. O, respublikaçı konqresmen Mayk Kollinsi məğlub edib. Nyu-Hempşirdə də demokrat Kris Pappas Senat seçkilərində keçmiş senator Con Sunununu üstələyərək təqaüdə çıxan demokrat senator Cin Şahinin yerini tutub. Demokratların Senatdakı lideri Çak Şumer Vaşinqtonda jurnalistlərə açıqlamasında amerikalıların dəyişiklik istədiyini və Senat uğrunda mübarizədə qüvvələr nisbətinin nəsillər boyu görünməmiş şəkildə yeniləndiyini bildirib. Nyu-Yorkdan olan senator bunu belə ifadə edib: “Amerika xalqına beş sözlə müraciət edirəm: Rahatlıq artıq yoldadır”.
Nümayəndələr Palatasında da demokratlar çoxluğu ələ keçirməyə yaxınlaşıblar. Məğlub olanlar arasında Nyu-Cersi ştatından respublikaçı konqresmen Tom Kin də var. O, depressiya diaqnozu ilə əlaqədar müalicə aldığı üçün bu il Vaşinqtonda keçirilən səsvermələrdə dörd ay iştirak etməyib. Kin bu diaqnozu yalnız fəaliyyətinə qayıtdıqdan sonra açıqlayıb. Demokratların Nümayəndələr Palatasında çoxluğu təmin etməsi üçün əlavə üç mandat qazanması kifayətdir.
Demokratların digər qələbələri sırasında Şimali Karolinada Ceymi Agerin Cennifer Kapps Balkom, Ayovada isə Lindsi Ceymsin Co Mitçell üzərində qələbəsi də yer alıb. Kampaniyanın son mərhələsində respublikaçılar iki il əvvəl Trampın böyük fərqlə qalib gəldiyi ştat və seçki dairələrinə on milyonlarla dollar vəsait yönəldiblər. Tramp da ənənəvi olaraq respublikaçıların güclü mövqeyə malik olduğu ştatlarda seçki kampaniyası aparıb. Lakin respublikaçıların maliyyə üstünlüyü demokratların yüksəlişinin qarşısını ala bilməyib.
Seçki gecəsi irəlilədikcə onların əhəmiyyətli qələbələri nadir hallarda qeydə alınıb. Floridada senator Eşli Mudi isə 2025-ci ildə Tramp administrasiyasında Dövlət katibi vəzifəsinə təyin olunan Marko Rubionun yarımçıq qalmış səlahiyyət müddətini başa çatdırmaq üçün keçirilən xüsusi seçkidə qalib gəlib. Tramp sosial media hesabında yazıb: “Mən seçki bülletenində yox idim. Əgər olsaydım, böyük fərqlə qalib gələrdik!”
“The AP Voter Poll” sorğusunun nəticələrinə görə, seçicilər səsvermə ərəfəsində ölkədəki vəziyyətdən narazı və gələcəyə bədbin yanaşıblar. Respondentlərin, təxminən, dörddə üçü ölkənin hazırkı inkişaf istiqamətindən “qəzəbli” və ya “narazı” olduğunu bildirib. Narazılıq demokratların güclü olduğu ştatlarda daha yüksək olsa da, respublikaçıların üstünlük təşkil etdiyi ştatlarda da seçicilərin əksəriyyəti, ən azı, narazılığını ifadə edib.
Senat uğrunda mübarizənin nəticəsi hələ də qeyri-müəyyən qalan ştatlar arasında Alyaska da var. Tramp administrasiyası respublikaçı senator Den Sallivanın seçkini uduzacağı təqdirdə nəticələrin rəsmən təsdiqlənməsinin qarşısını almaq üçün məhkəməyə müraciət edib. İddianın əsasını seçki bülletenində Den Sallivan adlı ikinci namizədin də yer alması təşkil edir. Respublikaçılar Miçiqanda da qələbə qazanıblar. Demokratlar Partiyasının namizədi Əbdül Əl-Sayed respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək Senata seçilib. Bununla da o, ABŞ tarixində Senata seçilən ilk müsəlman siyasətçi olub.
Vaşinqtondan kənarda isə 36 ştatda qubernator seçkiləri keçirilib. Pensilvaniyada Coş Şapiro, İllinoysda Cey-Bi Pritsker, Merilenddə Ues Mur, Massaçusetsdə Maura Hili və Nyu-Yorkda Keti Hokul yenidən qubernator seçiliblər. Texasda isə gözlənilməz nəticə qeydə alınıb. Demokrat Cina Hinohosa dördüncü müddətə namizədliyini irəli sürən respublikaçı qubernator Qreq Abbotu məğlub edib. Ohayoda Respublikaçı Vivek Ramasvami Demokratlar Partiyasının namizədi Emi Aktona uduzub. Corciyadan olan demokrat Keyşa Lens Bottoms ABŞ tarixində ştat qubernatoru seçilən ilk qaradərili qadın olacaq. Qonşu Floridada isə Bayron Donalds qubernator seçilən ilk qaradərili respublikaçı kimi tarixə düşüb.
Sonda nəzərinizə çatdıraq ki, aralıq seçkilər üzrə səsvermənin nəticələrinin hesablanması hələ də davam edir. Bir sıra ştatlarda seçki yarışının taleyi tam müəyyənləşməyib və yekun nəticələrin açıqlanması gözlənilir. Xüsusilə Senat uğrunda mübarizədə bəzi ştatlarda səslər arasındakı fərqin az olması diqqət çəkir. Alyaskada Den Sallivan və Meri Peltola arasındakı rəqabətin nəticəsi də hələ rəsmiləşməyib. Poçt və erkən səsvermə bülletenlərinin hesablanmasının yekun mənzərəyə təsir göstərəcəyi düşünülür. Yəni seçkilərin ABŞ Konqresində qüvvələr nisbətinə tam təsiri bütün nəticələr elan edildikdən sonra bəlli olacaq.
Nəzrin ELDARQIZI
XQ