Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ administrasiyasının İsrailin Baş naziri Benyamin Netanyahuya Qəzza zolağında HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam” briqadalarının komandirlərindən Raed Saadın öldürülməsinin atəşkəsin pozulması olduğu mesajını çatdıraraq çox sərt reaksiya göstərdiyi iddia olunur.
"Cebheinfo.az" xəbər verir ki, Amerikanın “Axios” saytının iki ABŞ-li rəsmiyə istinadən yaydığı xəbərə görə, Ağ Ev rəsmiləri Raed Saadın sui-qəsdi səbəbilə İsrailin Baş naziri Benyamin Netanyahuya kəskin etiraz ediblər.
ABŞ-li rəsmi bildirib ki, Vaşinqton administrasiyası sui-qəsddən sonra Netanyahu hökumətini sərt dillə qınayıb.Rəsminin sözlərinə görə, “Ağ Evin Netanyahuya mesajı belədir:
“Əgər öz nüfuzunuzu zədələmək və razılaşmalara əməl etmədiyinizi göstərmək istəyirsinizsə, buyurun. Amma Qəzzadakı razılaşmaya vasitəçilik edən Prezident Trampın nüfuzunu zədələməyinizə icazə verməyəcəyik”.
“Yedioth Ahronot” qəzeti isə ABŞ Prezidenti Donald Trampın ətrafındakı Ağ Ev rəsmilərinin, Netanyahuya göstərişi şəxsən verdiyi iddia edilən Raed Saadın sui-qəsdindən sonra “ağır söyüşlər yağdırdığı” iddiasını gündəmə gətirmişdi.
ABŞ Dövlət katibi Marko Rubio, Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin artıq Netanyahudan “bezmiş vəziyyətdə” olduqlarını bildirən ABŞ-li rəsmilər, “Stiv və Cared İsrailin Qəzza ilə bağlı bir çox məsələdə uzlaşmaz mövqeyinə görə qəzəblidir” deyiblər.
Netanyahunun Qəzza zolağına hücumlarla birlikdə son iki ildə beynəlxalq ictimaiyyətdən təcrid olunduğunu vurğulayan ABŞ-li rəsmilərdən biri, “Misir Prezidenti Əbdülfəttah əs-Sisinin onunla görüşməkdən niyə imtina etdiyini və “İbrahim Razılaşmaları”ndan beş il keçməsinə baxmayaraq niyə hələ də Birləşmiş Ərəb Əmirliklərinə dəvət edilmədiyini özündən soruşmalıdır” ifadələrini işlədib.
Tramp administrasiyasının bu vəziyyəti düzəltmək üçün çox çalışdığını bildirən ABŞ-li rəsmi, “Amma Netanyahu gərginliyi azaltmaq üçün lazımi addımları atmaq istəmirsə, “İbrahim Razılaşmaları”nı genişləndirməyə çalışaraq vaxtımızı boşa xərcləməyəcəyik” deyib.
Vaşinqton administrasiyasının Netanyahu hökumətindən yalnız Qəzza məsələsində deyil, eyni zamanda işğal altındakı İordan çayının qərb sahilində fələstinli torpaqları qəsb edən israillilərin zorakılıqlarına görə də son dərəcə narahat olduğu bildirilib.
ABŞ-li rəsmi, “Ondan ərəb dünyasında təxribat kimi qəbul edilən addımlar atmamasını istəyirik” deyə qeyd edib.
İsrail Baş nazirinin Ofisindən hələlik məsələ ilə bağlı açıqlama verilməyib.
ABŞ administrasiyasının sərt reaksiya göstərdiyi İsrail Baş naziri Benyamin Netanyahunun 29 dekabrda Florida ştatındakı Mar-a-Laqo iqamətgahında Prezident Tramp ilə görüşəcəyi gözlənilir.
İsrail Baş naziri Netanyahu və müdafiə naziri Yisrael Kats yayımladıqları birgə bəyanatda Qəzza zolağının cənubunda partlayıcının işə salınması nəticəsində iki İsrail əsgərinin yaralandığını iddia etmiş, buna cavab olaraq Qəzza şəhərində HƏMAS-ın yüksək rütbəli simalarından Səadın hədəf alındığını açıqlamışdılar.
HƏMAS isə silahlı qanadı “İzzəddin əl-Qəssam” briqadalarının komandirlərindən olan Raed Saadın İsrailin atəşkəs razılaşmasını pozaraq həyata keçirdiyi hava hücumu nəticəsində həyatını itirdiyini təsdiqləyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin