Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Amerika Birləşmiş Ştatlarında 3 noyabr seçkiləri Respublikaçılar Partiyasının böyük sınaq qarşısında olduğunu qəti təsdiqlədi. Eyni zamanda, ABŞ-nin özünün də dünyadakı nüfuzu və rolu ilə bağlı ciddi risklərin mövcud olduğunu göstərdi. Seçkilərdən sonra ölkə daxilində siyasi qüvvələr nisbətinin dəyişməsi artıq özünü göstərməyə başlayıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, hər iki tərəfin, xüsusilə də demokratlarla respublikaçıların siyasi mübarizəsi bir qədər də kəskinləşib:
"Hər iki tərəf seçkidən sonrakı vəziyyətdə hansı addımları atacaqlarını təhlil edir. Eləcə də hər iki partiya, yəqin ki, belə bir nəticənin nə üçün əldə olunduğunu araşdırır. Xüsusilə də iki aydan sonra Amerikanın qanunvericilik müstəvisində siyasi münasibətlərin necə olacağına dair ciddi hazırlıq gedir. Məlumdur ki, mövcud parlament, yəni Konqres, fəaliyyətini yanvarın ortalarına qədər davam etdirəcək. Yeni parlament, yəni demokratların çoxluq təşkil edəcəyi yeni Konqres isə yanvarın ortalarından fəaliyyətə başlayacaq. Yeni Konqresdə demokratların çoxluğunun Donald Tramp administrasiyası ilə necə rəftar edəcəyi artıq müəyyənləşməyə başlayır.
Xüsusilə də Demokratlar Partiyasının keçmiş prezidentlərinin, dövlət xadimlərinin və bütün veteranlarının Donald Trampa qarşı toparlanma prosesi aşkar hiss olunur. Obamadan tutmuş Olbrayta, hətta Kamala Harrisə qədər hamısı sanki yenidən siyasətə qayıtmağa həvəsləniblər. Çünki noyabr seçkiləri Demokratlar Partiyasında özlərinə böyük inam yaradıb. Eyni zamanda, respublikaçılardan və Trampdan revanş almaq üçün şansın yarandığını artıq görməyə başlayıblar.
Ona görə də yanvar ayının ortalarından başlayaraq ABŞ-da daxili siyasi vəziyyətin daha da kəskinləşəcəyini düşünmək mümkündür. Hətta Donald Trampa qarşı parlamentdə müəyyən impiçment prosedurları da başlana bilər. Trampın indiyədək fəaliyyətinin araşdırılması mümkündür. Bütün bunlar ABŞ-da daxili siyasi vəziyyətə daha da kəskinləşdirici təsir göstərəcək. Bir sözlə, ABŞ dövlətinin özü də respublikaçılar üçün ciddi sınaq qarşısındadır. Seçkidən sonra ortaya qoyulmuş ən böyük reallıq bundan ibarətdir".