Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Vaşinqton Əbu-Dabidə (BƏƏ) keçiriləcək danışıqlar zamanı sülh sazişinin əldə olunacağına ümid bəsləmir, lakin Rusiya və Ukraynanın münaqişənin həllinə dair mövqelərini dəqiqləşdirməyi hədəfləyir.
Bu barədə "CBS News" telekanalının müxbiri Cennifer Ceykobs amerikalı məmura istinadən bildirib.
"ABŞ Əbu-Dabi danışıqlarında münaqişəni həll etməyi gözləmir, lakin hər bir tərəfin öz mövqeyini dəqiqləşdirməsini istəyir ki, sonradan kompromis variantları axtarmaq mümkün olsun", - deyə o, "X" sosial şəbəkəsində yazıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə müsahibəsində Əbu-Dabi danışıqlarının münaqişənin həllində irəliləyişə nail olmaq üçün imkan yaratdığını bəyan etmişdi. Əbu-Dabi danışıqlarında irəliləyişin mümkün olub-olmadığı sualına isə - "Mümkündür. Orada nə isə baş verə bilər", - deyə dövlət başçısı cavab vermişdi.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin nizamlanmasına dair danışıqların noyabrın 10-11-də keçirilməsi planlaşdırılıb. Görüşlər Əbu-Dabidə baş tutacaq. /Oxu.az/