Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Tehrandan sərt bəyanat: “Vurularsaq, cavab sərhədləri aşacaq”
ABŞ Prezidenti Donald Trampın İrandakı prosesləri yaxından izlədiklərini və bölgəyə iri hərbi-dəniz donanması göndərdiklərini açıqlamasından sonra Vaşinqton-Tehran xəttində gərginlik kəskin şəkildə artıb.
“Reuters”ə adının açıqlanmaması şərti ilə danışan yüksək vəzifəli İran rəsmisi bildirib ki, ABŞ-ın İrana qarşı istənilən hərbi əməliyyatı necə təqdim edilməsindən asılı olmayaraq Tehran tərəfindən genişmiqyaslı müharibə aktı kimi qiymətləndiriləcək.
“Bu dəfə hücumun məhdud, dəqiq və ya kinetik adlandırılmasının heç bir əhəmiyyəti yoxdur. İrana qarşı atılacaq istənilən addım tammiqyaslı müharibə hesab ediləcək və ən sərt şəkildə cavablandırılacaq”, – iranlı rəsmi vurğulayıb.
Tehran: Ordu ən pis ssenariyə hazırdır
İran rəsmisi ABŞ-ın Yaxın Şərqə hərbi qüvvə yerləşdirməsinin real münaqişəyə hesablanmadığını ümid etdiklərini desə də, İran Silahlı Qüvvələrinin artıq tam döyüş hazırlığı vəziyyətində olduğunu bildirib.
“Əgər ABŞ İranın suverenliyini və ərazi bütövlüyünü pozarsa, cavab verəcəyik”, – deyə o qeyd edib.
Rəsmi cavabın miqyası və formasına dair detalları açıqlamaqdan imtina edib.
“İranın başqa seçimi yoxdur”
İran tərəfi mövqeyini özünümüdafiə ilə əsaslandıraraq bildirib ki, davamlı hərbi təhdid altında olan ölkənin hücumu dəf etmək və tarazlığı bərpa etmək üçün bütün mövcud imkanlardan istifadə etməkdən başqa yolu qalmır.
Tramp: “Bölgəyə çox böyük donanma göndəririk”
Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində çıxışından sonra jurnalistlərə açıqlama verən Donald Tramp ABŞ-ın bölgədə hərbi mövcudluğunu açıq şəkildə təsdiqləyib.
“Ehtiyat tədbiri olaraq bu istiqamətdə çoxsaylı gəmilər yerləşdirdik. Böyük bir donanma bölgəyə doğru hərəkət edir. Ümid edirəm ki, heç nə baş verməz, amma biz vəziyyəti çox diqqətlə izləyirik”, – Tramp deyib.
Tramp İranın nüvə obyektlərinə qarşı əvvəlki hücumları da xatırladaraq xəbərdarlıq edib:
“Əgər onlar bunu yenidən etməyə cəhd etsələr, biz onları eyni şəkildə, hətta daha asan vuracağıq.”
Vaşinqton sanksiya təzyiqini artırır
ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi İran neftinin daşınmasında iştirak edən doqquz gəmi və səkkiz şirkətə qarşı yeni sanksiyalar tətbiq edildiyini açıqlayıb. Bildirilib ki, bu strukturlar Hindistan, Oman və BƏƏ üzərindən yüz milyonlarla dollar dəyərində İran nefti və neft məhsullarını dünya bazarına çıxarıb.
ABŞ administrasiyası bu addımı Tehran rejiminin etirazçıları yatırmaq üçün maliyyə resurslarından istifadə etməsi ilə əsaslandırır.
Regiondan xəbərdarlıq: “Müharibə sərhədləri aşacaq”
Azərbaycanda səfərdə olan İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə bildirib ki, ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı bütün regiona təsir göstərəcək.
“İrana hücum regiona hücum deməkdir. Növbəti zərbə sərhədləri də aşacaq”, – o vurğulayıb.
Cəlalzadə bu mesajın müxtəlif kanallarla ABŞ rəhbərliyinə çatdırıldığını qeyd edib.
Azərbaycan mövqeyi: sabitlikdən yanayıq
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran nümayəndə heyəti ilə görüşdə rəsmi Bakının qonşu ölkədə sabitliyin qorunmasında maraqlı olduğunu bildirib. Tərəflər siyasi dialoqun, qarşılıqlı səfərlərin və iqtisadi əməkdaşlığın vacibliyini vurğulayıblar.
Türkiyə xəbərdarlıq edir: “Ən pis ssenari mümkündür”
Türkiyənin xarici işlər naziri Hakan Fidan Davosda verdiyi açıqlamada ABŞ-ı İrana qarşı hərbi müdaxilədən çəkinməyə çağırıb.
“Əgər İran özünü küncə sıxışdırılmış hiss edərsə, ən pis ssenariyə hazır olacaq”, – Fidan bildirib.
Onun sözlərinə görə, sanksiyalar İran iqtisadiyyatına ciddi zərər vurur və hərbi eskalasiya vəziyyəti daha da təhlükəli edər.
Risk hələ aradan qalxmayıb
Diplomatik kanallar işə salınsa da, ABŞ hərbi gəmilərinin İran sahillərinə yaxınlaşması gərginliyin azalmadığını göstərir. Region ölkələri mümkün müharibəni Yaxın Şərq, Qafqaz və daha geniş coğrafiya üçün strateji fəlakət kimi qiymətləndirir.
Hazırkı mənzərə göstərir ki, ABŞ–İran qarşıdurması hələlik səngiməyib və eskalasiya riski yüksək olaraq qalır.
Mürtəza